“Bir müddət əvvəl Azərbaycan silah daşınmaları ilə bağlı videogörüntü paylaşaraq sübut etdi ki, Laçın yolunda qanunsuz işlər həyata keçirilir. Nəticədə isə orada nəzarət-buraxılış məntəqəsini qura bildi”.
Bu fikirləri Editor.az-a hərbi ekspert Ramiz Şərifov Qarabağın Xankəndi-Qeybalı-Xəlfəli yolunda rus sülhməramlılarının nəzarəti altında erməni separatçı-terrorçularının növbəti dəfə silah daşıdığını əks etdirən videogörüntüləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırda bu silahdaşınması prosesi rus sülhməramlılarının nəzarəti altında gedir:
“Həmin nəzarət-buraxılış məntəqəsində ermənilərlə yanaşı rus sülhmərmalılarını da yoxlamaq lazımdır. Azərbaycanın da bu videonu yaymaqda məqsədi dünyaya Rusiya sülhməramlılarının öz vəzifələrini yerinə yetirmədiyini göstərməkdir. Rəsmi Bakı bu cür təxribatların qarşısını ya antiterror əməliyyatı, ya da yolları bağlamaq kimi üsullarla reallaşdıra bilər. Silahlı Qüvvələrimiz istənilən vaxt bunun qarşısını almağa qadirdir. Onların daşıdığı texnikalar isə sadəcə yüngül çaplı silahlardır “.
Hərbi ekspert qeyd edir ki, 44 günlük Vətən müharibəsində də sübut edildi ki, Ermənistanda mövcud olan silahlar, zirehli texnikalar heç bir işə yaramır:
“İndi də sülhməramlılar kiçik çaplı silahlarla yerli erməniləri silahlandırır. Bütün danışıqlardan da aydın olur ki, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağdakı vəziyyətdən tam məlumatlı deyil. O, sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Lakin Rusiya tərəflər arasında sülhün əldə olunmasını istəmir. Ona görə də həmin silahları gətirirlər ki, istənilən vaxt atəşkəsi pozsunlar. Bununla da həm Azərbaycana, həm də Ermənistana təsir etməyi planlaşdırırlar. Biz bunu yaxşı bilirik. Sadəcə 10 noyabr üçtərəfli bəyanatına sadiq olduğumuz üçün hərəkətə keçmirik. Bu isə o demək deyil ki, biz bu kimi halların qarşısını ala bilməyəcəyik”.
//Safura Bənnayeva, Editor.az

