Sülhməramlılar, yoxsa ermənilərin mühafizləri? – VİDEO – FOTObackend

Sülhməramlılar, yoxsa ermənilərin mühafizləri? – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdərə rayonunda ekrmənilər yeni su nohuru inşa etməyə başlayıblar.

Nohurun inşası ilə bağlı işlər Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin birbaşa mühafizəsi altında aparılır.

İnşa edilən, daha doğrusu, qazılan su hövzəsi təmas xəttinin yanındadır.

Bunu bəhanə edən rusiyalı sülhməramlılar inşaat işləri aparan erməniləri sutkaboyu qoruyurlar.

Xankəndindəki separatçı rejimin bəyanatlarına görə, inşası ilin sonunadək başa çatdırılacaq bu nohur içməli su anbarı rolunu oynayaraq, Xankəndinin, habelə Ağdərənin, Xocalının, Xocavəndin və Əsgəranın içməli su təminatında yaranmış problemlərin aradan qaldırılmasına kömək olacaq.

“İşlər təmas xəttinin bilavasitə yaxınlığında olduğundan mühafizə tədbirlərinin təminatını vacib hesab etdik”, – Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin nümayəndəsi Aleksey Kolesnikov deyib.

Rusiyalı sülhməramlılar Qarabağda bilavasitə görməli olduqları işlərdən başqa az qala bütün fəaliyyət spektri ilə məşğul olurlar.

Onlar qarabağlı ermənilər üçün qan verir, Xankəndində və Ağdərədə doğuş qəbul edirlər, Əsgəranda ev təmirinə qatılırlar, Xocalıda kilsə tikirlər və s.

Xankəndində, habelə rusiyalı sülhməramlıların müvəqqəti operativ nəzarət arealında olan digər ərazilərdə içməli su təminatı ilə bağlı problemlər yarananda isə sülhməramlı kontingent içməli su daşıyıb paylamaqla məşğul olub.

Təbii, bütün bunlar humanitar fəaliyyətdir və başqa halda, başqa şərtlərlə təqdir oluna bilərdi, olunmalı idi də.

Fəqət indiki situasiyada rusiyalı sülhməramlıların davranışı ən azı tragikomik təsir bağışlayır.

Ermənistandan Xankəndində Laçın dəhlizi vasitəsilə silah, sursat və hərbçilər daşınır – rusiyalı sülhməramlılar bunları “görmür”.

İrandan Ermənistana, oradan da Xankəndinə “humanitar və adi yüklər” adı altında müəmmalı yüklər daşınır – rusiyalı sülhməramlılardan səs çıxmır.

Qarabağın hələlik işğal altında olan ərazilərində ermənilər yeni mövqelər inşa edir, səngərlər qazırlar, hərbçilərimizə atəş açırlar, mövqelərimizi hədəfə alırlar – rusiyalı sülhməramlılar sanki heç nə olmamış kimi davranırlar.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbərliyi artıq birdəfəlik anlamalıdır ki, onlar sülhməramlılardır – Qarabağdakı ermənilərin mühafizləri yox.

Elçin Alıoğlu
Milli.Az