Amerikalı aktrisa və müğənni Ledi Qaqa “Rolling Stone” jurnalına verdiyi müsahibədə 2017-ci ildə “A Star Is Born” (“Ulduz doğulur”) filminin çəkilişləri zamanı ciddi sağlamlıq problemi yaşadığını etiraf edib.
Editor.az xəbər verir ki, sənətçi stress səbəbindən əhval stabilizatoru qəbul etdikdən sonra “psixotik epizod” keçirdiyini bildirib. O, bipolyar pozğunluqda maniyanın müalicəsində geniş istifadə olunan litiumun təsiri altında olarkən filmdə rol aldığını gizlətməyib.
“Bu, həqiqətən dəhşətli idi. Bir anlıq sağala bilməyəcəyimi düşündüm. Yaşadığım üçün şanslıyam. Dramatik səsləndiyini bilirəm, amma bunun hara aparacağını təsəvvür edirsiniz”, – deyə məşhur sənətçi vurğulayıb.
Daha sonra Qaqa psixi sağlamlıqla bağlı problemlərinə görə xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım alıb. O, 2019-cu ildə baş tutan 91-ci “Oskar” mükafatlandırma mərasiminə qədər özünü xeyli yaxşı hiss etdiyini qeyd edib.
Müğənni həmçinin nişanlısı Maykl Polanskiyə dəstəyi üçün təşəkkür edərək onun sayəsində yenidən “sağlam və bütöv bir insan” olduğunu söyləyib.
“O, mənim qayğıma qalmaq istəyirdi. Heç vaxt bu qədər sevilməmişdim. Həyatım onun üçün çox dəyərli idi. O, mənə öz həyatımın da qiymətli olduğunu anlamağa kömək etdi”, – deyə Ledi Qaqa əlavə edib.
// Gülnarə Abasova, Editor.az

