İSTİQAMƏT: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
“Azərbaycan bütün vətəndaşlarına bərabər hüquqların təmin edildiyi dövlət ənənələri üzrə inkişaf edir”.
Bu sözləri Editor.az-a ölkədəki demoqrafik vəziyyət və bu fonda gender problemləri ilə bağlı danışarkən millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, cinsindən asılı olmayaraq ölkəmizdə bütün vətəndaşların hüquqları təmin olunur:
“Eyni zamanda, Azərbaycan qoşulduğu beynəlxalq konvensiyalar baxımından kişi və qadın bərabərliyinin əks olunduğu gender bərabərliyi müddəalarına uyğun olaraq cəmiyyət həyatının bütün sahələrində hər iki cins nümayəndələrinin bərabər hüquqlar çərçivəsində yaşamasına imkan tanıyır. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanda hər bir vətəndaşın hüquqları qanunlar və konstitusiya ilə qorunur”.
Millət vəkili bildirib ki, hazırda demoqrafik vəziyyət və buna səbəb olan ailələrdə uşaq dünyaya gətirərkən cinsiyyət ayrımının edilməsi və abortların sayı ilə bağlı statistika o qədər də ürəkaçan deyil:
” Statistik rəqəmlərə görə, Azərbaycan selektiv abortlar baxımından ilk sıralarda yer alır. Bu isə təbii ki, ölkədə demoqrafik balansı pozur. Biz hazırda bunu hiss etməsək də, 15-20 il sonra bu problem özünü ciddi şəkildə göstərəcək. Bu da cəmiyyətdə demoqrafik baxımdan disbalans yarada bilər. Bu baxımdan da problemin qarşısı vaxtında alınmalı və bunun üçün adekvat, effektiv addımlar atılmalıdır.
Hüquqi və qanuni əsaslarla isə Azərbaycanda qadın cəmiyyət həyatının bütün sahələrində aparıcı yer tuta bilər”.
Məsələ ilə bağlı millət vəkili Tahir Kərimli də Editor.az-a fikirlərini bildirib:

“Azərbaycanda demoqrafik vəziyyət pis deyil. Amma nəzərə almalıyıq ki, son 20-30 ildə göstərilən artım tempi çox azalıb. Bu fonda isə boşanmaların və nikahdankənar doğulan uşaqların sayı artıb. Ümumilikdə isə artım tepminin faizi olduqca aşağıdır. Bütövlükdə demoqrafik vəziyyət hazırda istədiyimiz kimi deyil. Xüsusilə də gender problemləri və s. kimi məsələlər də demoqrafik vəziyyətə öz təsirini göstərir. Belə ki, qadınların hüquqları çoxuşaqlı olduqları halda da qorunub, müdafiə oluna bilər. Nəzərə almalıyıq ki, düşmən hələ də qarşımızdadır və biz sağlam cəmiyyət olaraq formalaşmalı, daim inkişafa doğru getməliyik.
Süni gender problemlərini ortaya atmaq lazım deyil. Bizim milli adət-ənənələrimiz var, hər ailədə heç olmasa 3-4 uşağın olması daha yaxşı olardı”.
Səbinə Hüseynli, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


