ABŞ universitetləri süni intellektin (Sİ) geniş yayılması fonunda tələbələrin qiymətləndirilməsində şifahi imtahanlara yenidən üstünlük verməyə başlayıblar.
Editor.az bu barədə Associated Press-ə istinadla xəbər verir.
Müəllimlərin sözlərinə görə, tələbələrin evdə hazırladıqları yazılı tapşırıqlar “həddindən artıq mükəmməl” görünür və onlar çox vaxt təqdim etdikləri məzmunu izah etməkdə çətinlik çəkirlər. Bu hal tələbələrin tənqidi düşünmə və analitik bacarıqları ilə bağlı narahatlıqları artırır.
Bu səbəbdən bir çox Amerika universiteti şifahi imtahan formatına qayıtmaq qərarı verib. Cornell University-nin professoru Chris Shaffer bildirib ki, tələbələr bu tip imtahanlarda süni intellektdən istifadə edə bilmirlər.
Eyni zamanda, University of Pennsylvania-nın Yaxın Şərq Dilləri və Mədəniyyətləri bölməsinin dosenti Emily Hammer qeyd edib ki, universitet artıq şifahi imtahanları yazılı tapşırıqlarla birləşdirməyə başlayıb. Onun sözlərinə görə, bu yanaşma tələbələrin bacarıqlarını, idrak qabiliyyətlərini və yaradıcılığını qorumağa xidmət edir.
//Gülnarə Abasova, Editor.az

