Süni intellekt Azərbaycan məktəblərinə gəlir: Şagirdləri hansı təhlükə gözləyir?-backend

Süni intellekt Azərbaycan məktəblərinə gəlir: Şagirdləri hansı təhlükə gözləyir?-BUNLARA DİQQƏT ETMƏLİYİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında təhsil sahəsində süni intellektdən istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik əməkdaşlıq memorandumu imzalanıb. Yeni əməkdaşlıq çərçivəsində müəllim və şagirdlər üçün süni intellekt əsaslı tədris alətlərinin hazırlanması planlaşdırılır. Riyaziyyat, təbiət elmləri və oxu fənləri üzrə tədris prosesinin bu texnologiyalar vasitəsilə təkmilləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, müəllimlərə yeni texnologiyalardan səmərəli və məsuliyyətli istifadə ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılır. Bu yeniliklər Azərbaycanda təhsilin gələcəyi ilə bağlı bir sıra suallar yaradır.

Maraqlıdır, süni intellektin Azərbaycan məktəblərində tətbiqi təhsilin keyfiyyətini nə dərəcədə dəyişə bilər və bu prosesdə şagirdlərin hazır məlumatlara həddindən artıq güvənməsinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Editor.az-a açıqlamasında bildirib ki, hazırda süni intellekt texnologiyaları və platformalarından yalnız Azərbaycanda deyil, dünyanın əksər ölkələrində, o cümlədən inkişaf etmiş dövlətlərdə geniş istifadə olunur:

“Bəzi ölkələrdə süni intellektdən bir növ müəllim köməkçisi kimi istifadə edilir. Şagirdlərdə asılılıq yaranmaması üçün isə bir sıra ölkələrdə nəzarət mexanizmləri tətbiq olunur. Xüsusilə təhsil verən şəxslərin, eləcə də valideynlərin övladlarının süni intellekt platformalarından istifadəsinə nəzarət etməsi ilə bağlı müəyyən öhdəliklər müəyyənləşdirilir.

Düşünürəm ki, bizdə də eyni prinsip tətbiq olunmalıdır. Çünki istənilən halda süni intellektin yaratdığı imkanlardan faydalanmalıyıq. Sadəcə olaraq, bundan sui-istifadə hallarına yol verilməməlidir.

Məsələn, şagird ev tapşırıqlarını yerinə yetirərkən bilmədiyi hər hansı məsələni, misalı və ya düsturu süni intellekt vasitəsilə həll edə bilər. Lakin süni intellektdən istifadə asılılıq səviyyəsinə çatmamalıdır. Daimi olaraq süni intellekt platformalarından istifadə şagirdin nitq inkişafına, eləcə də bilik və bacarıqların uzunmüddətli yaddaşda qalmasına mane ola bilər.

Bu baxımdan, süni intellektdən istifadəyə mütləq nəzarət olunmalıdır. Təbii ki, ümumilikdə süni intellekt platformalarından vacib və lazımi səviyyədə istifadə etsək, bu, ölkənin ümumi təhsil göstəricilərinin müsbət istiqamətdə dəyişməsinə gətirib çıxara bilər”.

//Gülnarə Abasova, Editor.az