” Ölkədə ərzaq və qeyri-ərzaq məhsullarında sürətlə gedən bahalaşma insanları çox çətin vəziyyətə salıb. Əhalinin gəliri ilə baş verən qiymət artımı tərs mütənasibdir. Ona görə də insanların sosial vəziyyətində ciddi çətinliklər müşahidə olunur. Ümumiyyətlə, vətəndaşlar əlindəki büdcə ilə mağazalara girib ehtiyaclarının heç 30 faizini ala bilmirlər. Hərçənd ki, bahalaşmadan əvvəl o büdcə ilə lazımi ərzaq məhsullarını əldə edilə bilirdi”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Millət vəkili bildirib ki, yanvar ayından əmək haqları, sosial müavinət və pensiyalarda olan artım ehtiyacların çox cüzi hissəsini ödəyəcək:
” Düşünmürəm ki, sürətlə gedən bahalaşmanı artan büdcə tənzimləyə bilsin. Bu mümkün görünmür. Pensiya, müavinət və əməkhaqlarında baş tutacaq artım sadəcə müəyyən dərəcədə kömək olacaq. Bu baxımdan bəzi təkliflər irəli sürmək olar. İlk növbədə mütləq insanların xərclərini azaltmaq lazımdır. Elektrik enerjisi, təbii qazın qiymətindəki artımlar insanların qış aylarında istilik problemi ilə üzləşməsinə səbəb olacaq. Qabaqdan soyuq qış gəlir, vətəndaşların aylıq büdcəsinin 25-30 faizi kommunal xərclərin ödənməsinə sərf olunacaq. Bu da onların üzərində böyük bir yükdür. Bu problemi aradan qaldırmaq üçün Milli Məclisdə məsələ qaldırmışdım ki, azəristiliktəchizatla bağlı ciddi tədbir görülməlidir. Azərbaycanda insanların qazdan və elektrik enerjisindən aslılığı azaldılmalıdır. Onlar müəyyən edilmiş kiçik məbləği ödəməli və mərkəzləşmiş qaydada istiliklə təmin edilməlidir. Digər bir təklifim dünya təcrübəsinə istinad edərək ölkəmizdə sırf aztəminatlı ailələr üçün yarmarkaların, mağazaların təşkil edilməsidir. Həmin mağaza və yarmarkalarda dövlət öz gücündən, resurslarından istifadə edərək ən çox tələbat mallarını orada ucuz qiymətə satsın. İndiki halda belə bir bahalaşmaya görə aztəminatlı ailələrin yararlana bilməsi üçün buna çox ehtiyac var. Ehtiyacı olanlar əsas ərzaq məhsullarını bazarlardan çox ucuz qiymətə əldə edə bilsin. Əgər bu sahibkara müəyyən dərəcədə ziyan verirsə, bu dövlət tərəfindən qarşılansın. Bu cür yanaşmalar dünyanın bir çox Avropa ölkələrində var, bizim ölkədə də tətbiq olunsa çox yararlı və faydalı olacaq. Bu cür satış yerlərində hətta üztanıma sistemindən də istifadə edilə bilər. Əgər varlılar da kasıblar üçün nəzərdə tutulan yerdən alış-veriş edərsə, o ictimaiyyət tərəfindən utandırılsın. Bu cür addımlarla bahalaşmanın mənfi təsirlərini müəyyən dərəcədə kompensasiya etmək olar”.
//Gülnarə Abasova, Editor.az

