Siqaret çəkmə vərdişi təkcə insanın öz sağlamlığına deyil, gələcək nəsillərə də təsir edə bilər.
Editor.az xəbər verir ki, Norveçin Bergen Universiteti və Avropa Tənəffüs Cəmiyyətinin (ERS) alimlərinin apardığı araşdırmaya görə, yeniyetməlik dövründə siqaret çəkməyə başlayan kişilərin övladları həmyaşıdlarına nisbətən daha sürətli qocalır.
Mütəxəssislər müəyyən ediblər ki, ataları 15 yaşında və ya daha erkən siqaret çəkməyə başlayan insanların bioloji qocalma əlamətləri daha qabarıq şəkildə özünü göstərir. Onlar orta hesabla doğum yaşlarından 9–12 ay daha yaşlı görünürlər.
Araşdırmada yaşlanma ilə bağlı DNT dəyişikliklərini və xərçəng, artrit, demans kimi xəstəliklərin artan riskini əks etdirən molekulyar markerlər – “epigenetik saat” istifadə olunub.
Tədqiqatın rəhbəri Xuan Pablo López-Servantes bildirib:
“Yeniyetmə yaşda siqaret çəkməyə başlayan oğlan uşaqları bilmədən gələcək övladlarına zərər verə bilərlər. Biz hesab edirik ki, bu dövrdə nikotin istifadəsi spermanın epigenetik materialını dəyişdirir və həmin dəyişikliklər növbəti nəsillərə ötürülür”.
ERS-in tütünə nəzarət üzrə ekspert qrupunun sədri Stamatoula Tsikrika isə əlavə edib ki, siqaretin mənfi təsirləri nəsillər boyu davam edə bilər:
“Son illərdə gənclər arasında siqaret çəkmə nisbəti azalsa da, elektron siqaretlərdən istifadə artır. Bu məhsulların uzunmüddətli təsirləri isə hələ tam öyrənilməyib”.
Mütəxəssislər hesab edirlər ki, nəticələr gənclərdə siqaret və nikotin asılılığının qarşısını almaq üçün daha ciddi tədbirlərin görülməsinin vacibliyini göstərir.
//Gülnarə Abasova, Editor.az

