Suriya yenidən qaynama nöqtəsində: PKK problemi regional müharibəyə çevrilə bilərbackend

Suriya yenidən qaynama nöqtəsində: PKK problemi regional müharibəyə çevrilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada son günlər artan hərbi toqquşmalar bölgədəki geosiyasi mübarizənin yenidən qızışdığını göstərir. Orta Şərqdə formalaşan yeni güc balansı fonunda Suriya ərazisi böyük dövlətlərin təsir savaşı meydanına çevrilib. Əsas məqsəd isə bu ölkə üzərindən həm regional, həm də strateji üstünlük qazanmaqdır. Bu mənzərədə PKK/YPG kimi silahlı qruplaşmaların fəaliyyəti təkcə Suriyanın daxili sabitliyini deyil, həm də bütün regionun təhlükəsizliyini risk altına salır.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Suriyada vəziyyətin gərginləşəcəyi əvvəlcədən proqnozlaşdırılan idi:

“Bu ölkədə bir çox dövlətlərin maraqları toqquşur və hər biri öz proksi qüvvələri vasitəsilə həmin maraqları təmin etməyə çalışır. Həmin qüvvələrdən biri də PKK/YPG terror təşkilatıdır. ABŞ və İsrailin birbaşa dəstəyi ilə bu qruplaşma hazırda Suriya ərazisinin üçdə birindən çoxuna nəzarət edir. Halbuki mart ayında əldə edilmiş razılaşmaya əsasən PKK/PYD silahlıları Suriya ordusunun tərkibinə inteqrasiya olunmalı idi. Lakin bu proses ləngidilib və görünür ki, burada İsrailin də təsiri var”.

Ekspertin sözlərinə görə, PKK/YPG-nin Suriyada keçirilən parlament seçkilərinə qatılmaması və ölkənin bölünməsi istiqamətində tələblər irəli sürməsi region üçün yeni gərginlik mənbəyinə çevrilib:

“Bu qruplaşma silahı yerə qoymaq istəmir və bu, onları real təhlükə mənbəyinə çevirir. Suriya ordusunun başladığı əməliyyatlara Türkiyənin də müəyyən mərhələdə dəstək verəcəyi gözləniləndir. Çünki Ankara özünün cənub sərhədlərində terror zolağının formalaşmasını qətiyyən qəbul etmir. Bu, Türkiyənin qırmızı xəttidir. Əgər PKK öz mövqeyindən geri çəkilməsə, prosesə Türkiyənin birbaşa qoşulması istisna deyil”.

// Gülnarə Abasova, Editor.az