Suriyanın Homs şəhərində hərbi məktəbdə törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-i uşaq olmaqla 89 nəfərə çatıb.
Editor.az bildirir ki, bu barədə Suriyanın SANA agentliyi Suriya Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Yenilənmiş məlumatlara görə, hava hücumu nəticəsində 227 nəfər xəsarət alıb.
Dünən Suriyanın səhiyyə naziri Həsən əl-Qabaş 6-sı uşaq və 240-ı yaralı olmaqla 89 nəfərin öldüyünü bildirib. Xatırladaq ki, oktyabrın 5-də Suriyanın Homs şəhərində buraxılış mərasiminin keçirildiyi hərbi məktəbə pilotsuz təyyarənin hücumu baş verib.
Hücum zamanı Suriyanın müdafiə naziri Əli Mahmud Abbas məktəb kursantlarının buraxılış mərasimində iştirak edib. Suriya Müdafiə Nazirliyi hücumun arxasında “tanınmış beynəlxalq tərəflər”in dəstəklədiyi terror qruplarının dayandığını bildirib.
//Samir Qurbanov, Editor.az

