“Rubionun sözlərində müəyyən həqiqət var. Bu, ondan ibarətdir ki, Suriyada vəziyyət mürəkkəb olaraq qalır. Stabillik tam yaranmayıb. İsrail vaxtaşırı Suriya ərazisini bombalayır, orada terrorçu dəstələri dəstəkləyir. Suriya hökuməti isə onlara qarşı mübarizə aparır. Orada hələ digər terrorçu dəstələri də var. Onların təhlükəsi hələ də aradan qaldırılmayıb”.
Bunu Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov ABŞ Dövlət katibi Marko Rubionun Suriyanın həftələr ərzində vətəndaş müharibəsi ilə üzləşə biləcəyi barədə fikirlərini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Vaşinqtonun Suriyaya qarşı sanksiyaları aradan qaldırılmalıdır, çünki indiki hakimiyyət keçmişdəkindən xeyli fərqlidir:
“Hazırda terrorla məşğul olmurlar, normal stabil bir ölkə qurmaq istəyirlər. Bu yolda onlara maneçilik törətmək düzgün deyil. Hesab edirəm ki, hər bir halda Suriya hökumətinin özündən də çox şey aslıdır. Yəni, onların həm Avropa, həm də İsrail, həm də ABŞ-la bir araya gəlməsi müəyyən çeviklik tələb edir. Ola bilsin ki, bu çeviklik artıq istifadə olunub. Ancaq eyni zamanda, indiki Suriya rejimi anlayır ki, stabillik uğrunda mübarizə aparmaq üçün bir sıra dövlətlərlə müəyyən razılaşmalara getmək, güzəştlərə gəlmək lazımdır”.
//Gülnarə Abasova, Editor.az