Suriyanın silahlı islamçı birləşmələrinin komandanlığı onun döyüşçülərinə ələ keçirdikləri şəhərləri tərk etməyi əmr edib.
Əvəzində qruplar koalisiyasının əsas qüvvəsi olan “Heyət Təhrir əl-Şam” ilə əlaqəli polis və təhlükəsizlik qüvvələrinin göndərilməsi qərara alınıb. “Reuters” yazır ki, Dəməşq küçələrində silahlı insanların sayı “gözə çarpacaq dərəcədə azalıb”. Paytaxtda banklar və mağazalar yenidən açılır, yollarda nəqliyyatın hərəkəti normallaşıb, bir çox dövlət qurumları yenidən işə başlayıb.
İslamçı qrupların koalisiyası noyabrın 27-də hökumətin nəzarətində olan ərazilərə hücuma başlayıb. Noyabrın 30-da yaraqlılar Hələbi, dekabrın əvvəlində Həma və Homsu ələ keçirdilər. Dekabrın 8-də islamçılar Dəməşqə daxil olublar. Prezident Bəşər Əsəd ölkəni tərk edib. O, Rusiyadan siyasi sığınacaq alıb.
//Samir Qurbanov, Editor.az