“Şuşa işğaldan azad olunubsa, Laçın gəlir…” – Polkovnikbackend

“Şuşa işğaldan azad olunubsa, Laçın gəlir…” – Polkovnik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstər strateji baxımdan, istər hərbi nöqteyi nəzərdən, istərsə də digər amillərlə götürəndə hər bir yaşayış məntəqəsi bizim üçün vacibdir. Amma Şuşa bu müharibədə ən önəmli, ən vacib strateji məntəqə olduğuna görə, çox ağıllı hərbi taktika seçildi və şükürlər olsun ki, Azərbaycan əsgəri müharibənin 43-cü günü Şuşa şəhərini işğaldan azad etdi.

Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik – leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Polkovnik bildirib ki, Ali Baş Komandan Ordumuza etimad göstərdiyi, inandığı üçün əks-hücum planını təsdiq etdi:

“Şuşa işğaldan azad olunubsa, Laçın gəlir, Laçın azad olunursa, Kəlbəcərimiz, Xankəndimiz gəlir. Bu dəfə seçilmiş taktika ondan ibarətdir ki, qoşunlarımız cənub istəqamətindən – Zəngilan, Qubadlı, Cəbrayıldan bütün sərhəd boyu 132 km məsafəni, dövlət sərhəddini tam bərpa etdilər. Artıq orada bilirsiniz ki, Dövlət Sərhəd Xidmətinin zastavaları fəaliyyətə başladı.

Şuşa kimdə idisə, vəziyyətə də o nəzarət edirdi

Şimal istiqamətində də hərbi nöqteyi nəzərdən ağıl işlədildi. Düşmənin dirəniş göstərməsinə baxmayaraq ordumuz o istiqamətdən sentyabrın 27-dən uğurla irəlilədi və Murovdağ istiqamətində strateji əhəmiyyətli yüksəklikləri götürdü. Sonrakı mərhələdə bəzilərinə elə göründü ki, şimaldan hərəkətlilik yoxdur, şimal elə yerində qalıb, yerində sayır. Əslinə qalsa elə deyildi, müəyyən işlər görülürdü. Biz, ümumiyyətlə, döyüşlər başlayandan indiyə qədər heç bir güc sərf etmədik. Çünki biz güclərimizi parçalaya bilməzdik, heç vacib də deyildi. Amma artıq srağagün Azərbaycan Ordusu düşməni tam yarıcan hala salandan sonra oradakı müdafiə mövqeləri yarıldı və Ordumuz Ağdam ərazisinə daxil oldu. Bir sözlə, Şuşanın strateji əhəmiyyəti o idi ki, Şuşa kimdə idisə vəziyyətə də o nəzarət edirdi. Ermənilər bəh-bəhlə Şuşadakı müdafiə xətlərini tərifləyirdilər.

Sona qədər gedəcəyik, buna heç kimin şübhəsi olmasın 

Şuşa bizim üçün heç nəylə müqayisə olunmayan yaşayış məntəqəsidir. Hər bir yaşayış məntəqəsinin öz əhəmiyyəti, öz doğmalığı var. Ancaq Şuşa bu müharibədə bizim üçün həm də mənəvi bir əhəmiyyət daşıyırdı. Bəziləri müharibənin ilk günlərində deyirilər ki, “3-4 rayonun işğaldan azad edilməsinə imkan verəcəklər, sonra verməyəcəklər. Şuşa qalacaq, Laçın qalacaq, Kəlbəcər qalacaq”. Amma ölkə Prezidenti bütün bu məsələləri diqqət mərkəzində saxladı və bir müddət bundan əvvəl, müharibədən 10 gün, 2 həftə sonra Prezident dedi ki, “Şuşasız işimiz yarımçıq sayılar”. Şükürlər olsun bu gün biz bu məsələdə sona qədər gedirik və gedəcəyik. Buna heç kimin şübhəsi olmasın.

Ali Baş Komandan bu planı təsdiq edəndə bütün bunları nəzərə alıb

Artıq Şuşa narahatçılığına son qoyulub. Baxmayaraq ki, düşmən yalanlar uydurur, yalanlar yazır, özü bilər. Düşmən zatən birinci gündən özünü çox əxlaqsız, çox şərəfsiz apardı. Yəni, bizim mülki obyektlərimizə atəş açmaqla, döyüş meydanını qoyub bizə başqa istiqamətlərdən zərbə vurmağa çalışsa da niyyətlərinə çatmadılar. Şuşa uğrunda döyüşlərdə də, digər yaşayış məntəqələrimizin işğaldan azad olunması üçün gedən döyüşlərdə də şəhidlər verdik. Yaralılara Allah şəfa versin. Ordumuz ruhdan düşmədi. 28 il 6 aydan sonra biz Şuşamıza qovuşduq. Hələ isti-istidir, Şuşanın işğaldan azad olunmasından hələ bir sutka keçməyib, bəziləri bunun siyasi, hərbi və tarixi əhəmiyyətini o qədər də dərindən anlamırlar. Bir müddət sonra başa düşəcəklər ki, Şuşa nə qədər əhəmiyyətli imiş. Ali Baş Komandan da bu planı təsdiq edəndə bütün bunları nəzərə alıb, Ordumuza etimad göstərdi, inandı.

Düşünürəm ki, gün ərzində Prezident daha bir xoş xəbəri elan edəcək

Onu da deyim ki, Şuşa dünən azad olunmayıb. Hərbi nöqteyi nəzərindən deyim ki, Şuşa azad olunandan sonra orada müəyyən təhlükəsizlik tədbirləri görülməlidir. Yəni, qardaşlarımız, oğullarımız ortaya çox möhtəşəm bir nəticə qoydular. O nəticə ki, Azərbaycanı həm danışıqlar prosesində, həm də hərbi müstəvidə söz sahibi edir. Davamı gələcək. Bu gün bayram günüdür, düşünürəm ki, gün ərzində Prezident daha bir xoş xəbəri elan edəcək və sabah da davamı gələcək. Artıq Şuşa Azərbaycanın nəzarətinə keçibsə, adbaad digər yaşayış məntəqələrimizin də işğaldan azad olunmasını görəcəyik.