Şuşada Milli Məclisin iclası keçirilsin? – Deputatlardan gözlənilməz cavablarbackend

Şuşada Milli Məclisin iclası keçirilsin? – Deputatlardan gözlənilməz cavablar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Milli Məclisinin Şuşaya deyil, Gəncəyə köçürülməsini istərdim. Çünki ölkənin ikinci böyük şəhəridir. Amma Şuşaya gəldikdə, düşünürəm ki, şəhərin bərpası və bu yöndə quruculuq işləri illərlə davam edəcək”.

Editor.az xəbər verir ki, bu sözləri sosial şəbəkələrdə Milli Məclisin Şuşaya köçürülməsi, iclaslarını bu şəhərdə keçirməsi təklifinə münasibət bildirərkən deputat Aqil Abbas deyib:

Həmsöhbətimiz parlamentin iclaslardan birinin Şuşada keçirilməsinə də ehtiyac görmür: “Bunda məqsəd nədir, bunu başa düşmürəm. Yollar təmizlənəndən sonra deputatlar Şuşaya gedə bilərlər, yəqin ki, gedəcəklər də. Gedib orada konfrans da keçirə bilərlər. Amma bəzi iclasların Şuşada keçirilməsinə zərurət görmürəm”.

“Arzu gözəldir, amma real deyil, bununla belə Şuşada səyyar iclaslar keçirə bilərik”

Bunu isə açıqlamasında deputat Məlahət İbrahimqızı deyib:

“Şuşa şəhərinin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rolu olub. Şuşa tək şuşalıların deyil, bütün Azərbaycan xalqınındır. Məmuniyyətlə işğaldan azad olunmuş müqəddəs torpaqlarda yaşayardım. Parlamentin Şuşa şəhərinə köçürülməsi məsələsinə gəldikdə, belə bir təklif xoş niyyətdən irəli gəlir. Amma hələlik işğaldan azad olunmuş torpaqlarımız minalardan təmizlənməli, nəqliyyat infrastrukturu, bütün dövlət strukturları bərpa olunmalıdır.

İstərdim ki, Şuşada Milli Məclisin iclas zalı olsun. Vaxtaşırı, hərdən gedib orada səyyar iclaslar keçirə bilək. Amma parlamentin ora köçürülməsi gözəl arzu olsa da, real deyil”.

“Belə bir qərar qəbul olunarsa…”

Deputat Fəzail Ağamalı təklifi dəstəklədiyini bildirdi: “Hər halda normal təklifdir. Əksəriyyət tərəfindən belə bir qərar qəbul olunarsa, böyük məmuniyyətlə ona dəstək verərdim. Fazil Mustafa təklif etmişdi ki, azad edilmiş ərazilərimizin bərpası işlərilə birbaşa məşğul olan bir sıra nazirliklər Gəncəyə köçürülsün. Bu da normal təklifdir. Parlamentin Şuşaya köçürülməsindənsə, Milli Məclisin plenar iclaslarının vaxtaşırı orada keçirilməsi daha realdır”.

“Hansısa zəruri olmayan xərclərə ehtiyac yoxdur”

 

Deputat Asim Mollazadə Milli Məclisin Şuşaya köçürülməsi təklifini real hesab etmədi:

“Hansısa zəruri olmayan xərclərin yerinə Qarabağda daha böyük işlər görməyə çalışmalıyıq ki, Şuşa və digər ərazilərimiz yüksək səviyyədə çiçəklənsin. Qarabağ, Şuşa Azərbaycanın mədəni paytaxtıdır. Amma Şuşada Milli Məclisin hansısa bir təntənəli iclasını keçirə bilərik”.  /Sfera.az

Loading...