Svyatoslav Piskun: “Rəcəb Tayyib Ərdoğan sayəsində müharibəni dayandırmaq şansı var idi”backend

Svyatoslav Piskun: “Rəcəb Tayyib Ərdoğan sayəsində müharibəni dayandırmaq şansı var idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə artıq üçüncü ildir ki, davam edir. Lakin ölkə üçün problem təkcə döyüşlər, top atəşi və ya Qərbin azaldılmış yardımı deyil. Qərb mətbuatında Ukraynadakı daxili siyasi böhran və digər ölkələrlə münasibətlərdə artan çətinliklərlə bağlı yazılar getdikcə artır.

Ukraynanın keçmiş baş prokuroru Svyatoslav Piskun bununla bağlı vəziyyəti Oxu.Az-a şərh edib.

O bildirib ki, müharibə zamanı cəmiyyətdə ictimai-siyasi əhvali-ruhiyyə kəskinləşir:

“Davamlı səfərbərlik prosesi fonunda vəziyyəti sabit vəziyyətdə saxlamaq üçün iki variant var – ya Stalin tipli diktatura, ya da qanunlara və demokratiya prinsiplərinə, Konstitusiya normalarına ciddi riayət etmək. Biz hələlik ikinci variantı seçmişik. Amma bizim qanunvericiliyimiz uzunmüddətli hərbi əməliyyatlara, ərazilərin itirilməsinə, iqtisadiyyatın dağıdılmasına hazır deyildi, dövlətimiz hətta infrastruktur, sosial müavinətlər üçün də borc alır. Qanunverici orqanın – Ali Radanın ölkədə baş verən hadisələrə reaksiya verməyə vaxtı yoxdur.

Prezident Volodimir Zelenski ya sülh dövründə, ya da müdafiə və hücumda, iqtisadiyyatda vəziyyətin aydın olduğu şəraitdə formalaşan komandanı təbii olaraq dəyişir. Vəziyyət indi pisləşib, ona görə də fərqli düşüncə tərzinə malik yeni insanlara ehtiyacımız var”.

Piskun deputatların çoxunun siyasi təcrübəsinin olmaması və həyat təcrübəsinin azlığının Parlamentlə bağlı da problemləri ortaya çıxardığını bildirib.

“Təbii ki, korrupsiya da bizim imicimizə çox böyük mənfi təsir göstərir. Bu, sadəcə olaraq, ölkəmizin bəlasıdır. Qərb tərəfdaşlarımızın təhriki ilə parçalanan (bir çox strukturlara – red.) hüquq-mühafizə orqanları iflasa uğramağa başladı. Nəticədə rüşvətxor məmurlar cəzasızlıq hiss etdilər və korrupsiya dövləti daxildən korlamağa başladı. Ona görə də Milli Təhlükəsizlik Şurasının, müdafiə, hüquq-mühafizə orqanlarının rəhbərliyində dəyişikliklər oldu”, – deyə o əlavə edib.

Ekspert Ukraynanın qonşu və dost ölkələri ilə münasibətlərinə də toxunub:

“Azərbaycandan başlayacağam. Hesab edirəm ki, bu, enerji bazarındakı rəqiblərinizin işidir. Ukraynada sakinlərin çox sevdiyi və yanacaqdoldurma məntəqələrinin xidmətlərindən istifadə etməkdən həzz aldıqları SOCAR şirkəti fəaliyyət göstərir. Yəni bu bizim iş adamlarının rəqabət qısqanclığıdır. Buna görə də ölkənizə problemlər yaratmaq üçün hazırlanmış materiallar ortaya çıxır. Fikir verməyin”.

Polşa, Macarıstan və digər ölkələrə gəlincə, müsahib bildirib ki, vəziyyət, əlbəttə ki, kifayət qədər gərgindir, lakin böhrandan danışmağa başlayacaq qədər deyil, media tərəfindən yaradılan həddən artıq informasiya səs-küyü var.

“Karpat vilayətində yaşayan etnik macarlardan soruşun: onlar Macarıstana getmək istəyirlərmi? Onlar güləcəklər. Evləri, üzüm bağları, maşınları, iki pasportları var, istirahət günləri elə həmin Macarıstana gedirlər. Lakin onlar Macarıstanın bir hissəsi olmaq istəmirlər”, – deyə hüquqşünas əlavə edib.

Müsahib söhbət əsnasında müvəqqəti atəşkəs mövzusuna da toxunub. Onun sözlərinə görə, Kiyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sayəsində müharibəni dayandırmaq şansı var idi.

“Bu, hamımızın qiymətləndirmədiyi tarixi bir an idi. Türkiyə prezidenti bəsirətli, ziyalı lider kimi bu anı gördü və hiss etdi. Ukraynaya kömək etdiyinə, sülhü bərpa etməyə çalışdığına görə ona təşəkkür edirəm.

Ukraynada indi Rusiya ilə danışıqlara qanunvericiliklə qadağa var. Belə çıxır ki, bu qadağa aradan qaldırılmalıdır? Lakin heç kim Rusiya ilə danışıqların bərpasının tərəfdarı olmayacaq. Ona görə də danışıqlar yalnız pərdə arxasında və ya vasitəçilər vasitəsilə aparıla bilər. Lakin Moskva da indi bizimlə danışıqlara getmək istəmir, çünki cəbhədə Rusiyanın vəziyyəti bir qədər yaxşıdır”.

Müharibənin necə bitməli olduğuna gəlincə isə ekspert ukraynalıların düşünülməmiş hərəkətlərdən əziyyət çəkdiklərini deyib.

“Təəssüf ki, sizin Şərq müdrikliyiniz hamımızda yoxdur. Bəli, ukraynalılar müdrik xalqdır, amma indi biz düşünülmüş hərəkətlərdən çox, emosional hərəkətlər edirik. 10, 20, 50 ildən sonra nə olacağını düşünmürük. Eyni zamanda, dünya yavaş-yavaş Ukraynaya dəstəyini zəiflədir. Bu, bir tərəfdən bizi qorxudur, amma digər tərəfdən, biz artıq adrenalin qəbul etmişik və hələ də dayana bilmirik”, – deyə Piskun bildirib.