Təhsil ekspertlərindən TƏLƏBƏLƏRƏ DƏSTƏK: “Diplomların ÜOMG əsasında verilməsi yeganə çıxış yoludur”backend

Təhsil ekspertlərindən TƏLƏBƏLƏRƏ DƏSTƏK: “Diplomların ÜOMG əsasında verilməsi yeganə çıxış yoludur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə bir neçə gündür ki, bəzi Azərbaycan universitetləri və kolleclərinin sonuncu kurs tələbələri dövlət imtahanı ilə bağlı narazılıqlar edirlər. Onlar 2 il təhsili onlayn formada keçdiklərini və bu il də Dövlət İmtahanında həmin fənlər tədris olunduğu üçün yaxşı mənimsəmədiklərini və imtahan suallarına çətinlik çəkdiklərini iddia edirlər. Tələbələr Dövlət imtahanın ləğvini və ÜOMG ilə əvəz olunmasını tələb edirlər.

Təhsil eksperti Elçin Əfəndi Editor.az-a açıqlamasında tələbələr iradlarında haqlı olduğunu bildirib:

“Çünki bu ilin son kurs tələbələri 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul olub və onların təhsilinin 2 ili pandemiya dövrünə düşüb. Demək olar ki, həmin tələbələr kifayət qədər normal təhsil ala bilməyiblər. Tədris ya distant, ya hibrid formada həyata keçirilib. Nəticə etibarilə tələbələr müvafiq proqramı yaxşı mənimsəyə bilməyiblər. Bunun da qarşılığında Dövlət İmtahanı etmək düzgün deyil. Tələbələr dövlət imtahanları ilə yanaşı diplom işi yazırlar, hər kursun sonunda qış-yay semestr imtahanı verirlər. Bunun nəticəsində hər kurs sonu onların balları formalaşır və bu ballar əsasında müəyyən edilən ÜOMG göstəricisinə uyğun diplomları təqdim etmək olar. Ancaq təəssüflər olsun ki, bəzi ali təhsil müəssisəsi rəhbərləri sırf tələbələrin dövlət imtahanı vermələri ilə bağlı qərar veriblər. Bu hazırkı vəziyyətə uyğun qərar deyil. İlk növbədə ona görə ki, bu il magistraturaya imtahan verənlər çoxdur. Onların isə böyük əksəriyyətini sonuncu kurs tələbələri təşkil edir. Bu şəxslər 29 may tarixində magistraturaya, bununla yanaşı MİQ üzrə imtahan verəcəklər. Bütün bunlar ümumi hazırlıq prosesinə mənfi təsir etmiş olur. Biz tələbələr üçün müvafiq imkanlar açmalı, şərait yaratmalıyıq ki, onlar təhsillərini ya digər təhsil pilləsində bakalavrdan magistraturaya keçid üçün davam etdirə bilsinlər. Ancaq məqsəd onları belə bir şəraitdə dövlət imtahanı edərək kəsməkdirsə və yaxud da onların nəticələrinin aşağı salınmasıdırsa bu, düzgün deyil”.

Elçin Əfəndi qeyd edib ki, hal-hazırda ölkəmizdə 50-dən çox ali təhsil müəssisəsi, 55 orta ixtisas müəssisəsi fəaliyyət göstərir:

” Demək olar ki, burada ümumi 70 mindən çox buraxılış kursunda tələbə təhsil alır. Bu il tələbələrə Dövlət imtahanı ilə bağlı güzəşt etmək olar. Növbəti illərdə isə tədricən diplom işi olmayacaqsa, Dövlət İmtahanı etmək olar. Əgər biz diplom işi də tələb edib, dövlət imtahanı da ediriksə bu məsələyə doğru yanaşma deyil”.

Təhsil eksperti Kamran Əsədov Editor.az-a bildirib ki, pandemiya dövründə Azərbaycanda ali təhsil müəssisələrində tədrisin təşkili qaydaları dəyişib:

“Məlum olduğu kimi, universitet və kolleclərdə 2021-ci ilin sentyabrına qədər onlayn, həmin tarixdən isə hibrid formada tədris təşkil olunub. Bu da tələbələrin müəyyən fənləri mənimsəməsi ilə bağlı ciddi problemlər yaratdı. Nəzərə alsaq ki, ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr bütün fənlərdən semestr imtahanı verərək növbəti kursa keçid edirlər. Təkrar bir semestr başa çatdıqdan sonra 4-cü kursda da tələbələrin dövlət imtahanına cəlb edilməsinin heç bir mənası yoxdur. Yəni biz eyni tələbələri iki dəfə yoxlamış oluruq ki, bu da normal deyil”.

Kamran Əsədovun sözlərinə görə, dünya təhsil təcrübəsində tələbələr ümumi orta müvəffəqiyyət göstəricisinə əsasən diplom alırlar:

” Məlum olduğu kimi, Azərbaycanda ali təhsil müəssisələrinin yekun attestasiyası qaydaları dəyişib və hal-hazırda ikinci kursda oxuyan tələbələr nə dövlət imtahanı, nə də buraxılış imtahanı verəcəklər. Ancaq indiki məqamda 4-cü kursda oxuyanlar imtahanlara cəlb edilirlər. Hesab edirəm ki, ölkədə pandemiyanın tamamilə başa çatmadığını və hələ də ali təhsil müəssisələrində tələbələrin təhsili ilə bağlı müəyyən məhdudiyyətlərin olduğunu nəzərə alsaq biz birmənalı şəkildə ÜOMG-ni əsas göstərməliyik. Təhsil əlçatan olmalı, keyfiyyət əsas meyar olmalıdır. Bütün bunlar nəzərə alındıqda tələbələrə ÜOMG əsasında diplomların verilməsi yeganə çıxış yoludur”.

//Gülnarə Abasova, Editor.az