“Təhsil Nazirliyi anlamalıdır ki, bu dərsliklər valideynlər üçün yox, şagirdlər üçün nəzərdə tutulub”-AÇIQLAMAbackend

“Təhsil Nazirliyi anlamalıdır ki, bu dərsliklər valideynlər üçün yox, şagirdlər üçün nəzərdə tutulub”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əvvəllər belə bir düşüncə var idi ki, müəllim evə çox dərs tapşırığı verirsə, tələbkardır, həkim reseptə çox dərman yazırsa, savadlıdır, diqqətcildir. Zaman keçdikcə xarici metodikanı öz sistemimizdə tətbiq etməyə başladıqda gördük ki, heç də hər şeyin çoxu bizə xeyir deyilmiş, əksinə ziyanmış. Zaman-zaman xüsusilə təhsil sahəsində bəzi dəyişikliklər etsək də, istədiyimiz nəticəni əldə edə bilmirik”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Təhsil eksperti qeyd edib ki, orta məktəb dərslikləri çox çətin, lakin akademik səviyyədə yazılıb:

” Riyaziyyatdan məsələnin həllini oxuyub anlamaq üçün kifayət qədər vaxt itirmiş olursan.Təhsil Nazirliyi anlamalıdır ki, bu kitablar valideynlər üçün yox, şagirdlər üçün nəzərdə tutulub. Mən bir valideyn kimi məsələnin həllini oxuyub anlayıb daha sonra övladıma onun anlayacağı formada izah edirəm ki, həllini tapa bilsin.Hətta müəllimlərin Təhsil Nazirliyinin verdiyi dərs vəsaitindən başqa da kənar dərs vəsaitlərindən tapşırıq verdiyinin şahidi oluruq. Bu zaman sual olunur ki, “nazirliyin müəyyən etdiyi vəsaitlər o qədərmi keyfiyyətsizdir?””.

A. Vəliyev Azərbaycanda məktəblərdəki dərs yükünü avropa ölkələrindəki təhsil sistemi ilə müqayisə edib:

“Çox təəsüf ki, şagirdi maksimum dərəcədə dərs oxumağa məcbur edən yeganə valideyn və müəllim məhz bizim ölkədədir. Sinifdə uşaq sayı ilə dərs saatı və dərs yükü uyğun olmadığı üçün müəllim şagirdə tapşırıqları evdə həll etməyi tapşırır. Valideyn isə övladının daha yaxşı təhsil alması üçün dərsdən gələn kimi yeməyini verib övladını yenidən fənn müəlliminin yanına hazırlığa göndərir. Əgər biz övladlarımızın savadlı və sosial həyatının aktiv olmasını, bilik və bacarıqlarının daha yaxşı inkişaf etməsini istəyiriksə, bu zaman tədris olunacaq vəsaitləri dəfələrlə nəzərdən keçirib onların anlayacağı dildə təqdim etməliyik. Əgər şagirdə nəsə öyrətmək istəyiriksə, bu onun öz maraq dairəsində olmalıdır. Dərs yalnız məktəbdə keçirilməlidir, şagirdə tapşırığı verməliyik, onlar isə tapşırığı araşdırıb bizə fərqli variantlarda təqdim etməlidir”.

//Gülnarə Abasova, Editor.az