Təxribat, yoxsa planlı siyasi addım? -Ermənistanın oynadığı növbəti oyunbackend

Təxribat, yoxsa planlı siyasi addım? –Ermənistanın oynadığı növbəti oyun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub və bu telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Rusiya və Ermənistan liderləri Qarabağdakı vəziyyəti, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Bu kontekstdə tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasının vacibliyini təsdiqləyib.

Qarabağda anti-terror əməliyyatı həyata keçirən Ermənistan növbəti uğursuzluqdan təşvişə düşərək çıxış yolunu telefon danışıqlarındamı görür?  44 günlük müharibə vaxtında da bu hal, yəni Rusiya prezidentinə zəng edərək yardım istəməsi tez-tez təkrarlanırdı.

Bəs bu dəfə bu danışıqların əsas hədəfi nədir,təxribatlar bitib, yekun sülh sazişi imzalanacaqmı?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putinin telefon danışığı Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Ermənistan haqqında verdiyi mesajlardan sonra baş tutdu:

“Ərdoğan təxribatlarla bağlı danışıb, bu addımı tənqid edib. Eyni zamanda çıxışı zamanı bu təxribatı Ermənistanda radikal kəsimin etdiyini demiş, əslində iqtidarı deyil, radikal kəsimi tənqid etmişdi və Nikol Paşinyan ilə olan telefon danışığını müsbət qiymətləndirmişdi. Bundan dərhal sonra telefon danışığı baş tutdu, güman ki, Rusiya prezidenti Putinin təşəbbüsü ilə baş tutub. Bu telefon danışığı heç də təsadüfi deyil. Ərdoğanın dedikləri Putini qıcıqlandırıb.  Bu təşviş isə heç də Qarabağdakı vəziyyət ilə bağlı deyil. Bu gün Qarabağda ermənilərin törətdiyi təxribatlar Rusiyanı narahat etmir. Əgər Rusiya bu təxribatlardan narahat olsaydı bu günə kimi bir tədbir görərdi. Rusiyanın narahatlığının əsas səbəbi Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin bərpası və regionda suların durulması ola bilər. Anti-terror əməliyyatları Paşinyan iqtidarının maraqlarına uyğundur. Paşinyan əvvəlki iqtidarlardan fərqli olaraq daha konstruktiv xarici siyasət yeridir və Azərbaycanla bağlı da bir çox konstruktiv bəyanatlar səsləndirir”.

Ekspertin sözlərinə görə, bu təxribatlar bilərəkdən törədilir ki, Azərbaycan anti-terror əməliyyatlarına başlasın, əsas əraziləri geri alsın və bundan sonra da sərhədlərin müəyyənləşməsi, sülh müqaviləsi imzalanması prosesləri baş tutsun:

“Bu diplomatik yolla olsa daxildə Paşinyana qarşı narazılıq yarana, hətta onu hakimiyyətdən uzaqlaşdıra bilərlər. Amma anti-terror əməliyyatı ilə baş versə Paşinyan artıq etiraf edəcək ki, başqa çıxış yolu yox idi. Bu hal çox güman ki, Putinin xoşuna gəlmir. Əgər həqiqətən hadisələr bu istiqamətdə cərəyan etsə tezliklə siqanalları görəcəyik, məsələn sülhməramlıların əli ilə və ya başqa formada Paşinyanın cəzalandırılması və s. Ermənistan və Rusiya rəsmilərinin telefon danışığı erməni təxribatının bitdiyinə, yekun sülh müqaviləsinin imzalanmasına dəlalət etmir. Rusiya bunlarda maraqlı deyil. Ərazilər boşaldılacaq, sərhədlər müəyyənləşəcək, yekun sülh müqaviləsi imzalanacaq, amma Rusiyanın bu proseslərdə heç bir rolu yoxdur və olmayacaq. Bu proseslər Azərbaycan və Türkiyənin hərbi səyləri nəticəsində mümkün olacaq. Yaxın zamanlarda Laçının boşaldılması məsələsi gündəmdədir, amma bunları Rusiya ilə əlaqələndirmək düzgün deyil”.
 
//Safura Bənnayeva, Editor.az