Qazaxıstan Tacikistandan kənd təsərrüfatı torpaqlarının suvarılması üçün təxminən 500 milyon kubmetr su alıb.
Editor.az xəbər verir ki, bu barədə Qazaxıstanın Su Təsərrüfatı və Suvarma Nazirliyinin saytında bildirilir. “İyunun 1-dən Tacikistan Dostıq dövlətlərarası kanalı vasitəsilə Qazaxıstana 488,6 milyon kubmetr su göndərib. Bu, ötən illə müqayisədə 40 milyon kubmetr çoxdur”.
Bildirilib ki, bu yaxınlarda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Tacikistana səfər edib və dövlət başçısı ilə ikitərəfli görüşlər keçirib. Tərəflər digər məsələlərlə yanaşı, su sektorunda əməkdaşlığı müzakirə ediblər. Qazaxıstanın su ehtiyatları və irriqasiya naziri Nurjan Nurjigitovun qeyd etdiyi kimi, Düşənbə Astananın mühüm tərəfdaşıdır. Tokayevin Tacikistana səfəri zamanı iki Mərkəzi Asiya ölkəsi arasında onların müttəfiq statusunu müəyyən edən saziş də imzalanıb. Saziş Qazaxıstan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.
//Gülnarə Abasova, Editor.az