Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov ziyafətdə çıxış edərək, 107 il əvvəl müsəlman Şərqində qurulmuş ilk demokratik, hüquqi, dünyəvi və parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti və həmin dövrdə görülmüş müstəsna əhəmiyyətli işlər barəsində söhbət açıb.
Həmçinin, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra qazanılmış uğurlardan, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın daha da güclənməsi, siyasi, iqtisadi, hərbi cəhətdən dünyada yüksək nüfuz qazanması və böyük inkişafa, sabitliyə nail olunması barədə ziyafət iştirakçılarına geniş məlumat verib.
Səfir çıxışında, Azərbaycanın böyük enerji və nəqliyyat layihələri, “Yeni enerji strategiyası”na uyğun olaraq enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması, bərpaolunan enerji istiqamətində atılan addımlar, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələr barəsində söhbət açıb.
Səfir, ötən ilin noyabr ayında Azərbaycan dünyanın ən böyük beynəlxalq konfransı olan COP29-a uğurla ev sahibliyi etdiyini qeyd edərək, konfransa 196 ölkədən 72 min iştirakçı qeydiyyata alındığını, qonaqlar arasında 80 prezident, vitse-prezident və baş nazir olduğunu bildirib. Xüsusilə, Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmonun və Tacikistandan böyük nümayəndə heyətinin iştirakını məmnunluqla qeyd edib.
Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyi, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirildiyi vurğulanıb və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər, ölkəmizin üzləşdiyi mina təhlükəsi barədə məlumat verilib.
Hazırda azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirildiyi, məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasında yeganə problem həmin ərazilərin mina ilə çirklənməsi olduğu qeyd olunub.
Səfir, hər iki ölkənin dövlət başçıları arasında yaranmış xüsusi və etibarlı dostluq münasibətlərinin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb.
Tacikistan Prezidentinin ötən il Azərbaycana həyata keçirdiyi dövlət səfəri zamanı xalqlarımızın iradəsini əks etdirən və qarşılıqlı fəaliyyətin demək olar ki, bütün sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasının münasibətlərimizin xarakterini, ruhunu, həmçinin Azərbaycanla Tacikistan arasında möhkəm dostluq münasibətlərinin yüksək səviyyəsini əks etdirdiyini vurğulayıb.
Səfir, 19-22 may tarixlərində Tacikistan Respublikasında Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini, Azərbaycan Respublikasının mədəniyyət nazirinin rəhbərliyi ilə ölkəmizdən incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçilərinin Tacikistana səfər etdiyini qeyd edib.
Ziyafətdə, Azərbaycan musiqiləri səsləndirilib və ölkəmizlə bağlı videoçarxlar nümayiş olunub. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri və şirniyyatları təqdim edilib. Tacikistan Respublikası Baş nazirinin müavini, Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın həmsədri Usmonali Usmonzoda əsas qonaq qismində iştirak edib. Həmçinin, Tacikistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri, əməkdaşları, digər dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan diasporasının üzvləri də ziyafətdə iştirak ediblər.