“Hazırda Bakı nəqliyyatında böhran yaşanır. Belə bir vəziyyətdə taksilərin əhəmiyyəti misilsizdir. Yerüstü sərnişin daşınmasının ən böyük yükünü taksilər üzərinə götürüb. Çünki avtobusların sayı kəskin azalıb və interval artırılıb”.
Bu fikirləri Editor.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı deyib.
Onun sözlərinə görə, avtobus və metrolardan istifadə etmək adam sıxlığından mümkünsüz hala çevrilib:
“Bununla yanaşı taksilərin də sayı azalsa, vəziyyət olduqca acınacaqlı olar. Bu sahədə azad bazar rəqabəti olduğu üçün qiymətlər münasib, xidmətlər isə fasiləsizdir. Amma müəyyən problemlər var. Bunun həlli üçün “vahid taksi” adı ilə monopolist sistem yaratmaq lazım deyil. Hazırda taksi və avtobuslarda qiymətlər də normaldır. Taksidə yanacaqdan az istifadə olunduğu üçün məbləğ sürücülərə sərf edir. Gündə ortalama 50 manat pul qazanırlar. İndiki dövrdə Azərbaycanda ortalama əməkhaqqı 500-600 manat olduğunu nəzərə alsaq bu böyük bir rəqəmdir”.
Elçin Bayramlı qeyd edir ki, sürücülər şirkətlər tərəfindən istismar olunur, 12-14 saat işləməyə məcbur qalırlar:
“Bu halların qarşısını almaq üçün əvvəlcə taksi şirkətlərinə tələblər qoyulmalı, sürücülərlə əmək müqaviləsi bağlanılmalıdır. Həmçinin, sürücünün minimum 3 il iş təcrübəsi olmalı, psixi problemi, məhkumluğu olmamalıdır.
Hansısa neqativ hallar müşahidə edildikdə şikayət əsasında ciddi tədbir görülməlidir. Amma bir neçə faktlardan istifadə edərək bu sahəni monopoliyaya almaq və ya başqa sistemlər tətbiq etmək, şəxsi avtomobili ilə sərnişin daşıyanları aradan çıxartmaq düzgün deyil. Çünki insanlara şəxsi əmlakı olan avtomobilin necə istifadə olunması ilə bağlı heç kim qadağa qoya bilməz. Hətta bu hal şəhərin olmayan sərnişindaşıma sistemini vəziyyətdən çıxardır. Onlar olmasaydı demək olar ki, fəlakət yaşanardı. Sadəcə qayda pozmamalarına diqqət yetirmək lazımdır”.
Ekpertin fikrincə, dövlət azad bazar sisteminə qarışmamalıdır:
“ Dünyanın heç bir yerində belə qayda yoxdur. Məsələnin digər tərəfi isə avtobusların az olması, trolleybusun olmaması sıxlıqların yaranmasına səbəb olur. Bununla da avtomobil və taksilərin sayı artır nəticədə tıxac yaranır.
Bu kimi halların yaranmasının bir neçə səbəbi var: Birincisi, müvafiq orqanlar şəhər nəqliyyat sistemini düzgün təşkil edə bilmir. İkincisi, şəhər həddindən artıq yüklənib. Hər yerdə binalar tikilir və bunlarda şəhərdə vəziyyəti ağırlaşdırır. Bu fundamental hal həllini tapmalıdır. Bu gün əsas güc yolüstü taksilərin üzərinə düşür”.
//Safura Bənnayeva, Editor.az

