Taksidən sonra bu xidmət də BAHALAŞA bilərbackend

Taksidən sonra bu xidmət də BAHALAŞA bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin təsdiqlədiyi “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər sifarişli sərnişin daşımaları sahəsində yeni tələblər müəyyənləşdirir.
Yenilənmiş qaydalara əsasən, bu fəaliyyətlə məşğul olmaq istəyənlər əlavə tibbi yoxlamalar, texniki nəzarət, sığorta və sürücü hazırlığı ilə bağlı sənədlər təqdim etməlidirlər. Bəs yeni qanunda nəzərdə tutulan əlavə tələblər daşıma xidmətlərinin qiymətinə necə təsir edə bilər?
Nəqliyyat eksperti Eldəniz Cəfərov dəyişiklikləri izah edərkən Musavat.com-a bildirib ki, əsas məqsədi sərnişin daşımalarını daha keyfiyyətli və təhlükəsiz etməkdir: ”Burada nəzərdə tutulan tələblər əslində yeni və ağır maliyyə yükü yaradan qaydalar deyil, artıq müntəzəm daşımalar üçün tətbiq olunan standart prosedurlardır. İndi bu qaydalar qeyri-müntəzəm daşımalar üçün də məcburi olacaq.
Söhbət sürücülərin narkotik və sərxoşluq vəziyyətinə görə tibbi müayinəsindən, reysqabağı yoxlamalardan, həmçinin sürücülərin xüsusi hazırlıq keçdiyini təsdiq edən sənədlərdən gedir. Bu sənədlər artıq dövlət tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində verilir.
Eyni zamanda, sərnişinlərin fərdi qəza sığortası, nəqliyyat vasitəsinin və sürücünün mülki məsuliyyət sığortası da tələb olunur. Bundan başqa, qeyri-müntəzəm daşımalarla məşğul olan sürücülərin yaşı ən azı 21 olmalı və müəyyən iş təcrübəsi olmalıdır”.
Bakı metropoliteni nə zaman açılacaq... - “Bu necə tədbirlərdir?”

Ekspert deyir ki, bu tələblər ona görə vacibdir ki, son illərdə qeyri-müntəzəm daşımalar zamanı nəzarətsiz hallar çox olur: “ Məsələn, şəxsi avtomobillərlə turist qruplarının daşınması zamanı qəza baş verərsə, çox vaxt nə sığorta olur, nə də sürücünün fəaliyyətinin qanuni olduğu məlum olur. Yeni dəyişikliklər bu sahəni qanun çərçivəsinə salmaq, nəzarəti gücləndirmək üçündür. Qeyd edim ki, bu tələblər martın 31-dək artıq fəaliyyət göstərənlərə deyil, bu tarixdən sonra bazara daxil olanlara şamil ediləcək. Ancaq hesab etmirəm ki, bu sənədlər xidmət qiymətlərinin ciddi şəkildə artmasına səbəb olacaq”.
Qeyd edək ki, yenilənmiş qanuna əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər aşağıdakı sənədləri də təqdim etməli olacaqlar:
Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
– avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;
– ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
– qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:
– avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
– avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;
– bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.
Şahanə Rəhimli
Musavat.com