Taksilərin qiyməti bahalaşdı: Sayı azalır, bir istiqamətə 8-9 manat… – Yeni sistem belə olacaqbackend

Taksilərin qiyməti bahalaşdı: Sayı azalır, bir istiqamətə 8-9 manat... – Yeni sistem belə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər paytaxtda taksi qiymətlərində bahalaşma narazılığa səbəb olub. Sakinlər eyni zamanda taksilərin azaldığını da bildirirlər. Məlumatlara görə, əvvəllər qısa məsafəyə 3-4 manat ödənilirdisə, indi bu məbləğ 8-9 manata qalxıb. Bahalıq fonunda sifarişlər də gecikir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə yaydığı açıqlamada bildirib ki, müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyulması gözlənilir.

Teleqraf.com-a danışan nəqliyyat eksperti Yasin Mustafayev deyib ki, ölkədə aparılan son dəyişikliklərin taksilərin azalmasına səbəb olacağı gözlənilən idi:

“İyulun 1-dən etibarən taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin istehsal tarixi 8 ildən az olmalıdır. Qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir.

İyulun 1-dən etibarən isə taksi xidmətləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Artıq bir müddətdir taksi şirkətləri yeni qaydaların tətbiqinə hazırlıqlara başlayıb. Bu amil ixtisarlara, bəzi taksi şirkətlərinin bağlanmasına səbəb olub. Yeni qaydaların tətbiq olunmasının əsas səbəblərindən biri taksilərin sayını azaltmaq idi. Taksi fəaliyyəti ilə bağlı müəyyən olunan tələblərdən sonra Bakı şəhərində taksi sayının azaldığı müşahidə edilir”.

Ekspertin fikrincə, atılan addımlar bu sahədəki xaotik vəziyyətin aradan qaldırılmasına hesablanıb: “60 min taksi ilə müqayisədə 10-15 min taksinin təklif etdiyi qiymət arasında, əlbəttə, fərq olmalıdır. Tələb və təklif artıq başqa istiqamətdə işləyəcək. Qiymət artımı qaçılmaz olacaq. Bunun müsbət tərəfləri də var. Taksi fəaliyyətinin keyfiyyəti artacaq. Hazırda taksi bazarında aparılan islahatlar bu fəaliyyət növü ilə məşğul olan nəqliyyat vasitələrinin sayını azaldacaq. Nəzərə almaq lazımdır ki, Bakıda taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sayı həddindən çox idi. Bakıda təxminən dörd milyon əhaliyə 60 mindən çox taksi xidmət göstərir. Lakin bu rəqəm 8000 civarında olmalıdır. Bu baxımdan taksilərin sayının azaldılması qaçılmaz idi”.

 

Ekspert taksi sürücülərinin imtahana cəlb edilməsinin də azalmaya səbəb olan əsas amil olduğunu qeyd edib:

“Hazırda avtomobilinin istehsal müddəti 15 il olan sürücülər qeydiyyatdan keçə bilir. Amma bu tələb iyulun 1-nə qədərdir. Taksi sürücülərinin imtahana cəlb edilməsinin də taksi sayına təsiri var. İmtahanın keçirilməsi məsələsi sürücülərin sayını azaldacaq amillərdəndir”.