“Taliban” əfqan səmasını da ələ keçirir? – TƏFƏRRÜATbackend

“Taliban” əfqan səmasını da ələ keçirir? – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkənin Silahlı Qüvvələri faktiki olaraq darmadağın vəziyyətdədir.

Əfqan hərbçilərin əksəriyyəti silahı yerə qoyaraq taliblərə təslim olublar. “Taliban”ın əfqan şəhərlərini və kəndlərini çox böyük sürətlə ələ keçirməsinin əsas səbəbi də məhz bu olmuşdu: əfqan hərbçilər sadəcə, vuruşmaq istəmədilər, mövqelərini qoyaraq ya qaçdılar, ya təslim oldular, ya da geri çəkildilər.

Yaşanan proseslər nəticəsində Əfqanıstan ordusunun Hərbi-Hava Qüvvələrinin aerodromları, aviabazaları, silahları, hərbi texnikası da “Taliban”ın əlinə keçib.

Xüsusilə də Qəndəhar və Bəhramdakı ən böyük aviabazaların taliblərin nəzarətində olması situasiyanı ağırlaşdırır.

Hazırda taliblərin əlində konkret olaraq nə qədər hərbi aviasiya vahidinin, təyyarələrin və helikopterlərin olması barədə dəqiq rəqəmlər yoxdur.

Səbəblər çoxdur.

Əsas səbəb əfqan HHQ-nin onlarla təyyarə və helikopterinin pilotlar tərəfindən qaçırılaraq qonşu Özbəkistan, habelə Tacikistan ərazilərində endirilməsidir. Həmin təyyarələrdə helikopterlərdə heyətlərlə bahəm, yüzlərlə əfqan hərbçisi də vardı.

Bundan başqa, əfqan hərbçilər geri çəkilərkən və aviabazaları taliblərə təhvil verərkən hərbi aviasiyanın, habelə texnikanın bir qismini ya sıradan çıxarıblar, ya da məhv ediblər.

Bütün bunlara rəğmən, regionda yetərincə effektiv hərbi əməliyyatlar aparmaq üçün taliblərin əlində qırıcılar, bombardmançılar və hərbi helikopterlər var.

“Taliban” bu arsenaldan istifadə edə biləcəkmi? Asan sual deyil, çünki taliblərin arasında hərbi aviasiyanı idarə edəcək, bu texnikaya xidmət göstərəcək heyət faktiki olaraq, yoxdur.

2021-ci ilin yanvarın 1-nə olan rəsmi məlumatlara görə, Əfqanıstan Hərbi-Hava Qüvvələrinin heyətində 162 vahid texnika vardı. Onların bir qismi səmaya qalxacaq vəziyyətdə deyildi.

Daha dəqiq olsaq, bu ilin əvvəlində Əfqanıstanın Hərbi-Hava Qüvvələrində 17 yüngül A-29 hücum təyyarəsi (Embraer EMB 314 Super Tucano), 10 zərbə AC-208 Combat Caravan zərbə təyyarəsi, 21 yüngül C-208 Cessna Caravan nəqliyyat təyyarəsi, 2 orta C-130 Hercules təyyarəsi, habelə Rusiya istehsalı olan 12 Mi-17 nəqliyat helikopteri, 38 yüngül MD 530F və 36 UH-60 Black Hawk döyüş helikopterləri vardı.

Təxminən 18 təyyarə və helikopter xüsusi təyinatlı aviasiya hissələrində idi.

“Taliban” Qunduz, Qəndəhar və Heratda aviabazaları ələ keçirəndən sonra hərbi aviasiyaya da yiyələndilər. Onların sosial şəbəkələrdə aviabazalardan paylaşdıqları ilk fotolarda Mi-17, MD 530F və UH-60 helikopterləri ilə yanaşı, kiçik C-208 nəqliyyat təyyarəsi də vardı.

Qunduzdakı aviabazada isə taliblər Rusiya istehsalı olan Mi-35 zərbə helikopterinin yanında fotolar çəkdirmişdilər.

Sosial şəbəkələrdə paylaşılan video, fotolarda hərbi aviasiya vahidlərinin hazırlıq səviyyəsini təxminləmək asan deyil. Çünki təyyarələrlə helikopterlər ya anqarlarda, ya da uçuş zolaqlarında idilər. Amma istənilən halda, onların yarıdan çoxunun ya nasaz, ya da detalallarının sökülüb çıxarılmış vəziyyətdə olması aşkar görünürdü.

Daha sonra taliblər Heratdakı aviabazadan 2 Mi-17 helikopteri, Məzari-Şərifdəki aviabazadan isə Super Tucano qırıcısı ilə fotolar paylaşdılar.

Bu arada bəlli olub ki, Əfqanıstandan Özbəkistana 14-15 avqust günlərində 22 hərbi təyyarə və 24 hərbi helikopter uçub. Onların göyərtələrində 585 əfqan hərbçi vardı.

Uçuş zamanı əfqanların EMB 314 Super Tucano təyyarəsi səmada Özbəkistan HHQ-nin MiQ-29 qırıcısı ilə toqquşub.

“Taliban”ın hərbi aviasiyaya yiyələnməsi ilk dəfə baş verən olay deyil.

1992-ci ildə Əfqanıstanda Məhəmməd Nəcibullanın rejimi köçəndə taliblər yüngül MiŞ-21MF və ağır hərbə Su-22 qırıcılarına yiyələnmişdilər. Mi-8 helikopterləri, müxtəlif tipli nəqliyyat təyyarələri və L-39 təlim təyyarəsi də taliblərin qənimətləri arasında idilər.

Sonucda bu hərbi aviasiya yerdə qalaraq çox pis, yarıtmaz texniki xidmətdən yararsız hala düşdü, bir qismi də 2001-ci ildə ABŞ-ın Əfqanıstana hücumu zamanı məhv edildi.

Taliblərin hərbi aviasiyadan istifadə etmələri ilə bağlı sadəcə, bir olay təsdiqlənib. 1995-ci ilin avqustun 3-də “Taliban”ın MiQ-21MF qırıcısı Rusiyanın İl-76TD ağır nəqliyyat təyyarəsini yerə endirmişdi. RA-76842 nömrəli bu təyyarə taliblərə qarşı vuruşan “Şimal Alyansı” üçün silah və hərbi texnika aparırdı.

Taliblər bu təyyarəni və heyəti bir il əsir saxlamışdılar. Rusiyalı pilotlar texniki xidmət zamanı təyyarəni işə salaraq uçmağı bacarmışdılar.

Bəs “Taliban” indi nə edə biləcək?

ABŞ 2001-ci ildən bəri Əfqanıstanda olarkən yerli Hərbi-Hava Qüvvələrinə ya nəqliyyat, ya kəşfiyyat, ya da yüngül qırıcı təyyarələr veriblər.

Belə təyyarələr vasitəsilə qonşu ölkələr üçün real təhdid formalaşdırmaq mümkün deyil.

Braziliyanın “Embraer” korporasiyasının istehsalı olan turbovintli EMB 314 Super Tucano və ya AC-208 Combat Caravan təyyarələrinin əsas üstünlükləri uçuş saatlarının baha başa gəlməməsi və dəyərlərinin ucuzluğudur. MD 530F, Mi-17 və UH-60 Black Hawk helikopterləri isə zəif hava hücumundan müdafiə şəraitində yerdəki hədəflərə qarşı mübarizə üçün nəzərdə tutulub.

Yəni normal hərbi aviasiya olduğu yerdə “Taliban”ın heç bir şansı yoxdur.

Lakin taliblər hazırda malik olduqları təyyarələrlə helikopterləri səmaya qaldıra bilsələr, hakimiyyətlərini möhkəmlətmək üçün istifadə edəcəklər.

Təbii ki, istər Rusiya, istərsə də ABŞ Əfqanıstandakı təyyarələr və helikopterlər üçün taliblərə ehtiyat hissələr verən deyillər.

“Taliban” xeyli sayda təyyarə və helikopterlərə yiyələnsə də, Əfqanıstan səmasına tam nəzarət edə bilməyəcək.

Bu, reallıqdır.