” ABŞ bölgədən çıxdı və ardınca Əfqanıstanda Taliban elə də ciddi müqavimət görmədən hakimiyyətə gəldi. Bu idarəolunan bir prosesdir və əsas məqsəd Cənub Şərqi Asiyada qeyri-stabilliyin yaradılmasıdır. Birinci hədəf Çindir”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O, bildirib ki, Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi ABŞ-Çin mübarizəsinin bir hissəsidir:
“Talibanın hakimiyyətə gəlişinin dünya üçün əsas təhlükəsi radikal dindarların Əfqanıstana axın etməsidir. Yaxın şərqdə müxtəlif təşkilatlar adı altında terrorçular fəaliyyət göstərir. Taliban da dünyada bir çox ölkə tərəfindən öz siyasi ideologiyası olan terrorçu təşkilat kimi tanınır. Talibanın apardığı mübarizə metodu da bunu göstərir. Eyni zamanda, Əl-Qaidə ideologiyasına yaxın olanların da Taliban içərisində güclü nüfuzu var. Bu bütün dünyadan, xüsusilə Yaxın şərqdən, Mərkəzi Asiyadan olan radikal dindarların Talibanın yaratdığı Əfqanıstan İslam Əmirliyi ətrafında birləşə biləcəyi təhlükəsini yaradır. Beləliklə, dünyada yeni bir terror bölgüsü yarana bilər. Lakin hələ ki dünya ölkələri Talibanın hakimiyyətə gəlişindən çox da narahat deyil”.
Siyasi analitikin sözlərinə görə Taliban hərəkatı Mərkəzi Asiya ölkələri üçün böyük fəlakətə səbəb ola bilər:
“Tacikistanda mövcud olan, vaxtilə İŞİD -ə qoşulan bəzi radikal dindarlar sonradan başsız qaldılar. Eyni zamanda, Özbəkistan İslam Partiyasi var ki, o da qatı radikal mövqe sərgiləyirlər və Özbəkistanda onların fəaliyyətinə qadağa qoyulduğu üçün təqib olunurlar. Ona görə də gizli fəaliyyət göstərirlər. Onlar Əfqanıstana gələrək Talibanın yaratdığı Əfqanıstan İslam Əmirliyi ətrafında birləşə bilərlər”.
Asif Nərimanlı hesab edir ki, Azərbaycanın Əfqanıstandakı Kabul beynəlxalq hava limanının qorunması istiqamətində Türkiyə sülhməramlıları ilə birgə fəaliyyət göstərən sülhməramlı qüvvələrin geri çağırılmasına ehtiyac yoxdur:
“Çünki Əfqanıstanda təhlükəsizliyin təmin olunmasında əsas rolu Pakistan və Türkiyə oynayır. Nəzərə alsaq ki, ABŞ və NATO bölgədən çıxdı və Rusiya da Əfqanıstanın taleyini yaşamaq istəmir, ona görə bölgədə əsas qüvvə kimi Türkiyə böyük rol oynayacaq. Eyni zamanda, Türkiyə Əfqanıstanda bütün dünya üçün mühüm əhəmiyyət kəsb edənn beynəlxalq hava limanının təhlükəsizliyini təmin edir və azərbaycanlı sülhməramlıların da bu məsələdə qardaş ölkənin yanında yer almağı vacibdir. Türkiyə və Pakistanın Taliban üzərində güclü təsirinin olması azərbaycanlı sülhməramlıların təhlükəsizliyinə zəmanət verir”.
//Gülnarə Abasova, Editor.az

