Əfqanıstanda 20 il sonra hökuməti ələ alan Taliban sözçüsü Sher Mohammed Abbas Stanikzai yeni hökuməti 2 gün ərzində açıqlaya biləcəklərini söyləyib.
Editor.az xəbər verir ki, BBC-yə danışan Talibanın Dohadakı sözçüsü Stanikzai əhatəli bir hökumət quracaqlarını deyib. Stanikzai yeni idarədə qadınların da olacağını, ancaq hökumətdə qadın nazir olmayacağını açıqlayıb.Taliban sözçüsü, ABŞ-ın dəstəklədiyi keçmiş hökumətdə xidmət edən qadınların yeni rəhbərliyə daxil olmayacağını bildirib. Taliban liderləri əvvəlki açıqlamalarında şəriət qaydalarına riayət etdikləri təqdirdə qadın hüquqlarına hörmət edəcəklərini bildirmişlər.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Əfqanıstanda hərtərəfli və qadınların da tam şəkildə iştirak edəcəyi yeni bir hökumət qurmaq üçün Talibanla danışıqlara çağırıb.
//Gülnarə Abasova, Editor.az

