“Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirdi” fikri ilə razılaşmaq düzgün deyil. Çünki 29 fevral 2020-ci ildə ABŞ və onun müttəfiqləri ilə Taliban arasında əldə olunmuş razılaşma əsasında Əfqanıstanda hakimiyyət yenidən Talibana təhvil verilib. Yəni, hakimiyyət Taliban tərəfindən ələ keçirilməyib, ona təhvil verilib”.
Bu sözləri Editor.az-a açıqlamasında tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev deyib.

O, qeyd edib ki, Taliban hərəkatı ilk hakimiyyət illərindən daha fərqli siyasət yeritməyə çalışır:
“Taliban ötən əsrin sonlarında Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi zaman şəriətin ən sərt qaydalarını özündə əks etdirən rejim formalaşdırmışdı. Son dövrlər Taliban hərəkatının siyasi liderləri tərəfindən səsləndirilən fikirlər göstərir ki, Taliban həm daxili, həm də xarici siyasətində müəyyən qədər dəyişikliklər edib. Dünyada eyni zamanda, Azərbaycanda da bəzi siyasətçilər hesab edir ki, Taliban vahid bir qüvvədir və onun Əfqanıstanda hakimiyyətə yiyələnməsi orada vəziyyətin stabilliyinə gətirib çıxaracaq. Əksinə, düşünürəm ki, hakimiyyətin Talibana təhvil verilməsi Əfqanıstanı anarxiyanın, özbaşınalığın hökm sürdüyü ölkəyə çevrilməsinə gətirib çıxaracaq. Taliban hesab edildiyi kimi, vahid bir qüvvə deyil, sadəcə hakimiyyətə yiyələnmək üçün Taliban hərəkatı daxilində fərqli baxışlara malik qruplararası birlik formalaşıb. Hesab edirəm ki, çox qısa bir müddətdə Taliban Əfqanıstanda hakimiyyəti bərqərar etdikdən və xarici siyasətlə bağlı ağaları tərəfindən sifarişlər qəbul olunduqdan sonra Taliban daxili qruplaşmalar arasında münasibətlərin gərginləşəcəyini və çəkişmələrin başlayacağını müşahidə edəcəyik. Əfqanıstanda Taliban qüvvələrin hakimiyyətə gətirilməsi ilə regionda de-stabillik hökm sürəcək, xüsusilə də bölgədə maraqlı olan dövlətlər həyata keçiriləcək bir çox iqtisadi layihələrin reallaşmasında ciddi çətinliklərlə üzləşəcək”.
Politoloq hesab edir ki, Əfqanıstanda hakimiyyətin Talibana verilməsi ABŞ və NATO müttəfiqlərinin düşünülmüş siyasətinin nəticəsidir:
“Bu məqsədli siyasətin başlıca hədəfi ABŞ və NATO müttəfiqlərinin bu ilin əvvəllərindən başlayaraq öz milli təhlükəsizlik və xarici siyasət doktrinalarında açıq şəkildə bəyan etdikləri rəqiblərin sıradan çıxarılması və onlara növbəti zərbə vurmaq imkanlarının yaradılması ilə bağlıdır. Bu rəqiblərə Çin və Rusiya daxildir. Düşünürəm ki, Talibanın hakimiyyətə gətirilməsi ilə Rusiya və Çinə qarşı əlavə bir cəbhə açılır və bu ölkələrin gücünün, potensialının birbhissəsinin Talibana qarşı yönləndirilməsi məqsədi güdülür. Lakin bu proseslərdə zərərçəkən tərəflərdən biri də Hindistan olacaq . Çünki Əfqanıstanın keçmiş rəhbəri Əşrəf Qani Hindistanla güclü iqtisadi əlaqələr qurmuşdu və Əfqanıstan üzərindən keçməklə bölgə dövlətlərinə Hindistan mallarını çatdıracaq tirarət yolları Hindistanın üzünə açılmışdı. Əfqanıstanın indiki hakimiyyətinin Hindistana qarşı hansı mövqe sərgiləyəcəyini biz indidən deyə bilərik. Çünki Taliban daha çox Pakistan xüsusi xidmət orqanlarının nəzarəti altında formalaşmış və idarə olunan bir hərəkatdır. Pakistanın Hindistanla münasibətləri, Talibanın da Hindistanla münasibətlərini müəyyənləşdirəcək”.
Politoloq qeyd edib ki, Əfqanıstanda Talibanın hakimiyyətə gətirilməsi ilə əsas hədəflərdən biri də sünni, xüsusilə Səudiyyə Ərəbistanın vəhabi qanadının maliyyə dəstəyi ilə formalaşan və inkişaf edən Talibanın şiə İranı ilə qonşu olması və İran üçün əlavə problemlərın yaradılmasıdır:
“Bildiyimiz kimi, taliblərin daxilində İran xüsusi xidmət orqanlarının tabeliyində olan birliklər də mövcuddur. Bu birliklər hələ Sovet- Əfqanıstan müharibəsi dövründə İran ərazisinə köç etmiş və İranın təsiri altında formalaşmış birliklərdir. Bu birliklər vasitəsilə İran Talibana təsir edə biləcək. Hesab edirəm ki, İran məzhəb fərqinə baxmayaraq Talibanla razılıqlara və müəyyən qədər güzəştlərə getməyə çalışacaq ki, bu terror qruplaşması ölkədaxili proseslərə sıza bilməsin”.
Anar Əliyevin sözlərinə görə Əfqanıstanda Talibanın hakimiyyətə gətirilməsi böyük dövlətlərin mübarizəsinin növbəti elementidir:
“Çox təəssüflər olsun ki, böyük dövlətlərin mübarizəsində hər zaman olduğu kimi, sadə xalq, mülki əhali ciddi zərər çəkir. Taliban xarici və daxili siyasətində nə qədər yumşaqlıq göstərəcəyini bəyan etsə də, hakimiyyətdə möhkəmləndiyi ilk vaxtlardan vətəndaşlara, mülki əhaliyə xüsusilə, qadın və uşaqlara münasibətdə şəriətin ən sərt qanunlarını tətbiq edəcəyinin şahidi olacağıq. Bu isə Əfqanıstanda kütləvi şəkildə insanların məhv edilməsinə və əhalinin ölkəni tərk etməsinə gətirib çıxaracaq. Əfqanıstandan başqa ölkələrə kütləvi insan axının, qaçqınların, miqrantların yaranması isə başlıca olaraq Türkiyə üçün ciddi problemə çevriləcək. Hal-hazırda Türkiyə onsuz da ciddi qaçqın problemi ilə üz-üzədir. Xüsusilə də, Suriyadan gələn milyonlarla insanın yerləşdirilməsi, Türkiyə vətəndaşları ilə suriyalılar arasında yaranan problemlərlə yanaşı, Əfqanıstan qaçqınlarının da kütləvi axını Türkiyənin daxili siyasətində gərginliyin artmasına gətirib çıxaracaq. Hesab edirəm ki, hakimiyyətin Talibana təhvil verilməsində hədəflərdən biri də məhz bu istiqamətdədir. Lakin Pakistan və Türkiyənin Taliban üzərində nəzarəti, xüsusilə xüsusi xidmət orqanları vasitəsilə təsir imkanlarının mövcudluğu Talibanın bizim bölgədə, xüsusilə Azərbaycanda fəaliyyətinin qarşısını alacaq. Hesab edirəm, Əfqanıstanda Taliban hərəkatının hakimiyyətə gətirilməsi dünyada yeni geosiyasi mərhələnin başlanğıcını qoyacaq. Təəssüf ki, illərdir milyardlarla vəsaitin xərcləndiyi Əfqanıstan ordusu çox qısa müddətdə sayı qat-qat az olan Taliban hərbi birləşmələrinə məğlub oldu. Bu onu göstərir ki, əslində ABŞ illərdir, Əfqanıstan ordusunun gücləndirilməsi ilə deyil, müəyyən bir zaman kəsiyindən sonra hakimiyyətin yenidən Talibana ötürülməsi siyasəti ilə məşğul olub”.
Politoloq onu da qeyd edib ki, Azərbaycanın Əfqanıstandakı Kabul beynəlxalq hava limanının qorunması istiqamətində Türkiyə sülhməramlıları ilə birgə fəaliyyət göstərən sülhməramlı qüvvələrin fəaliyyətinin dayandırılmasına ehtiyac yoxdur:
“Türkiyə nə qədər ki Əfqanıstanda mövcudluğunu qoruyub saxlayır, azərbaycanlı sülhməramlı qüvvələr də həmin ərazidə qalaraq türklərlə birlikdə fəaliyyətlərini davam etdirməlidirlər”.
//Gülnarə Abasova, Editor.az

