“Tarasova elə öz ritorikasından sitatlar gətirərək deməliyəm ki…”- ŞƏRHbackend

“Tarasova elə öz ritorikasından sitatlar gətirərək deməliyəm ki…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənipərəst ekspert Stanislav Tarasov erməni mediasına geniş müsahibəsində deyib ki, rəsmi İrəvan “Qarabağ və başqa məsələlər”də Moskvaya qulaq asmadı, öz siyasətini apardı, sonra hər şeyi Rusiyanın səhvlərinə bağladı: “Rusiya Paşinyana etibar etməyi dayandırıb. Nə baş verdiyini deyə bilmərəm, təbii ki, səbəbin nə ola biləcəyini güman edirəm, amma açıqlaya bilmərəm, çünki sübutum yoxdur. Amma bir şey aydındır: iki ölkənin rəhbərliyi arasında yadlaşma var”.

Ümumiyyətlə isə “Qarabağın işğaldan azad edilməsinə Rusiya icazə verdi” tezisi son vaxtlar tez-tez ortaya atılır: Bu barədə nə düşünürsüz?

Politoloq Şəbnəm Həsənova Editor.az-a açıqlamasında deyib ki, Stanislav Tarasovun sözügedən müsahibəsi ilə tanıyıb:

“Müsahibənin məğzi sırf Ermənistan-Rusiya münasibətləri üzərində qurulmayıb, daha çox Rusiya-Qərb qarşıdurmasına, bunun fonunda Ermənistanla mövcud duruma yönəlib. Zənnimcə, çatdırılmağa çalışılan daha önəmli məsələ də elə budur. Yəni, Tarasovun Ukraynanın aqibəti ilə bağlı səsləndirdiyi son fikir. İstisna etmirəm ki, Ermənistana da neçənci siqnal kimi Rusiyanın Ukrayna ilə bağlı mövcud və yekun planı ona dedizdirilir. Çünki nəzərə almalıyıq ki, bu zaman axarında digər tərəfdə də NATO sammiti reallaşır. Bu məqamda onu da demək yerinə düşür ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı zamanı “Bölgədəki sülhü bölmək və ya sülhə kölgə salmaq heç doğru olmaz” deyərək Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirdi. Yəni, bir daha kimin harda durduğunu xatırlatdı, atılmağa cəhd edilən addımlarla bağlı xəbərdarlıq etdi. Müsahibənin işıqlandırıldığı “Hraparak” nəşrinin də Ermənistan hakimiyyətinə yaxınlığını nəzərə alsaq, Tarasov həm də Rusiyanın daxilinə yaymağa çalışılan, millətlərarası qığılcımla başladılıb, böyük yanğına çevrilməyə cəhd edilən planları yuvasında yəni, məhz elə bu nəşrdə boğmaq istəyir. Tarasov Rusiyada antierməni əhval-ruhiyyəsinin olmadığını bildirməklə iki ölkə arasında ipləri qırmağa cəhd edən kimi qarşılarında buna icazə verməyən qüvvələrin də olduğundan xəbər verir ki, özü də o cəbhənin təmsilçisidir. Bir şeylə razıyam ki, Rusiyanın əlini Ermənistandan çəkməsi, sadəcə müşahidə etməsi belə, həqiqətən, onun aqibətinin faciəvi xarakter almasına gətirə bilər. Bunu əks cəbhə də, həmin cəbhəni müdafiə edənlər də hələlik də olsa aydın başa düşür. Bəlkə bir növ o cəbhənin də Nikol Paşinyanın zamanında hakimiyyətə gəlişinə mane olmaması kimi. Tarasov aydın bildirir ki, Rusiya tərəfi Paşinyana etibar etməyi dayandırıb. Bunu isə “erməni tərəfi” deyərkən sadə xalqla olmasa da, sadəcə hakimiyyətlə də əlaqələndirmir. Görünür, Qərbdəki diasporaya da işarə verir. Müsahibədə Ermənistan-Rusiya münasibətlərinin xarici şərtlərə bağlı olmadığı amili isə xüsusi diqqətimi çəkdi. Bu, cənab Prezident İlham Əliyevin Kanadanın yeni səfirini qəbul edərkən “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün bir amil ola bilməz” fikrini xatırlatdı. Zənnimcə, regional əlaqələrə, regiondan kənar aktorlarla münasibətlərə fərqli çalarlar qazandırmaqla zaman-zaman bulanıqlığa yol verilməyə son vaxtlar daha çox silsilə cəhd edilir ki, bunun da regional aktorlar tərəfindən qarşısının alınmasına çalışılır”.

Onun sözlərinə görə, Tarasov səhvlər məsələsini də böyük xəritə üzərindən dəyərləndirir:

“Ermənistanı mədəni dillə kiçildir ki, Rusiya ondan ötrü xırda səhv etməyəcək qədər, nəhəng rəqiblərini belə məğlub edən, ya da məğlubiyyətin astanasına yuvarlayacaq qədər böyük, Ermənistan isə ona yol açmağa qadir olmayacaq qədər cılızdır. Tarasovun mühasibəsi fonunda ona elə öz ritorikasından bir qədər fərqli və bəzən də tərs sitatlar gətirərək deməliyəm ki, Minsk qrupunun üzvlərinə gəldikdə isə hamını məhz zamanında səfərbər etməli, onları addım atmağa sövq etməli idilər. Təzyiqlər və bu müsahibədə nəzərdə tutulan xəbərdarlıq məhz Ermənistana edilməli idi. Müharibəni dayandırmağa ehtiyac belə yaranmadan, onun baş verməsinin qarşısını Azərbaycanın ərazi bütövlüyünü zamanında təmin etməklə almaq olardı. Çünki məsələ isə bağlı fikirlərimiz son dərəcə aydın idi. Qarabağ xuntasını isə ağ bayraq qaldırmağa biz məcbur etdik. Qarabağın işğaldan azad edilməsinin vaxtı və vədəsi yetişdi. Bunu yetişdirməyi bacaran isə heç nə və heç kim deyil, məhz ali iradəmiz, xalqımızın Müzəffər Lideri oldu. Beynəlxalq hüquq da, tarixi ədalət də bizim tərəfimizdə idi. Bu zamana qədər Azərbaycanın yürütdüyü daxili və xarici siyasət, nəinki Rusiya-Azərbaycan münasibətləri, Avropa İttifaqının 10 ölkəsi ilə imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamələr, enerji layihələri, bütövlükdə bütün digər addımlarımız başlıca olaraq bu hədəfə xidmət etdi. Tarixi Zəfərə şəhidlərimizin qanı-canı ilə döyüş meydanında Ali Baş Komandan, masa arxasında isə mahir diplomat kimi cənab İlham Əliyev nail oldu.

Sizin də bildirdiyiniz kimi son zamanlar bilərəkdən, son dərəcə şüurlu şəkildə tez-tez ortaya atılan “icazə verdi” tezisi həm də Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etmək istəyən, regional aktorlar arasına nifaq salmaq istəyən dairələrə də xeyir gətirir. Ona görə də onun arxasınca çox gedib gündəm etmək lazım deyil. Sadəcə ilanı sezib yuvasında, məqamında tutarlı arqumentlərlə boğmaq lazımdır”.

//Gülnarə Abasova, Editor.az