Tarif Şurası kənarda qaldı: Avtobus və metroda yeni qiymətlər hüquqi MÜBAHİSƏ DOĞURURbackend

Tarif Şurası kənarda qaldı: Avtobus və metroda yeni qiymətlər hüquqi MÜBAHİSƏ DOĞURUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai nəqliyyatda qiymət dəyişikliyi həmişə cəmiyyətin ən həssas mövzularından biri olub. Xüsusilə metro və avtobus xətlərində gedişhaqqının artırılması sadəcə iqtisadi deyil, həm də sosial və hüquqi aspektləri gündəmə gətirir. Vətəndaşlar bu addımın gündəlik xərclərinə necə təsir edəcəyini düşünürkən ekspertlər diqqəti daha çox qərarın icra mexanizmlərinə və hüquqi legitimliyinə yönəldirlər. Çünki qiymət artımı yalnız xidmət keyfiyyətini yüksəltdiyi halda qəbul edilə bilər.

İqtisadçı ekspert Akif Nəsirli Editor.az-a açıqlamasında bildirib ki, rəsmi açıqlamalarda gedişhaqqının artırılması əsasən avtobus parkının yenilənməsi, sürücülərin əməkhaqlarının yüksəldilməsi, yanacaq və texniki xərclərin ödənməsi ilə izah olunur. Ekspertin sözlərinə görə, praktiki baxımdan qiymət artımı hər zaman xidmət keyfiyyətinə avtomatik təsir göstərmir:

“Keyfiyyət yalnız o halda yaxşılaşır ki, əlavə gəlirlər şəffaf və məqsədli şəkildə istifadə olunsun. Əgər köhnə avtobuslar yenilənməsə, hərəkət intervalları azaldılmasa, metroda sərnişin rahatlığı təmin olunmasa, sadəcə qiymət artımı ilə real dəyişiklik əldə etmək mümkün deyil. Bu addım imkan yaradır, amma nəticə nəzarət və icra mexanizmlərindən asılıdır”.

Akif Nəsirli əlavə edib ki, Azərbaycanda dövlət tərəfindən tənzimlənən xidmətlər üzrə tarif dəyişikliyi, o cümlədən metro və şəhərdaxili marşrutlar üçün gedişhaqqı artımı adətən Tarif (Qiymət) Şurasının qərarı ilə təsdiqlənir:

“Əgər dəyişiklik yalnız Nazirliyin Kollegiyası qərarı ilə təsdiqlənibsə, bu, hüquqi mübahisə doğura bilər. Çünki Tarif Şurasının əsasnaməsinə görə, belə məsələlər onun səlahiyyətinə daxildir. Ola bilər ki, Kollegiya müəyyən normativ aktlara – məsələn, müqavilə öhdəliklərinin dəyişməsi və ya daşıyıcılarla bağlı mexanizmlərə əsaslanıb. Amma prosedur baxımından bu, suallar yaradır və hüquqi müzakirə mövzusu olaraq qalır”.

Ekspertin fikrincə, gedişhaqqının artırılması xidmət keyfiyyətinə müsbət təsir göstərə bilər, lakin bunun üçün şəffaflıq, düzgün icra və ciddi nəzarət mexanizmləri vacibdir. Hüquqi baxımdan isə Tarif Şurasının prosesdən kənarda qalması qərarın legitimliyi barədə suallar doğurur.

//Gülnarə Abasova, Editor.az