Vüqar İSKƏNDƏROV, millət vəkili
Bu film qəhrəmanlıq salnaməmizi, torpağını canından əziz tutan azərbaycanlıların şücaətini bədii dildə dünya tamaşaçısına çatdırmalıdır
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan tarixinin ən şanlı dövrünü yaşayır. Bu da səbəbsiz deyil. Belə ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi zamanı düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuz Zəfər dastanını yazdı. Heç şübhəsiz ölkəmizin bu uğurunun, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı bu tarixi Zəfərin arxasında bir sıra vacib məqamlar dayanır.
Milli-vətənpərvər gəncliyin olması 44 günlük müharibədə öz sözünü dedi
Məhz bu məqamlar, həmçinin ölkəmizdə milli-vətənpərvər gəncliyin olması 44 günlük müharibədə öz sözünü dedi.
Milli-vətənpərvər gəncliklə bağlı konkret məqamlara keçməzdən öncə qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanda Ulu öndər Heyədr Əliev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti dövlət siyasətinin proritet istiqamətlərindən biridir. Məhz bu siyasət kontekstində gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, yenilikçi ideyalarının həyata keçirilməsi, ictimai-siyasi həyatda rolunun artırılması üçün bütün imkanlar yaradılıb. Ümumiyyətlə, Azərbaycanda gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsi gənclər siyasətinin əsas və vacib istiqamətlərindən birini təşkil edir.

Bu baxımdan Prezident İlham Əliyevin ötən ilin yanvarında Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri zamanı “son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər” fikri heç də təsadüfi deyildi. Bu fikrin arxasında gənclərimizin inkişafı, düzgün tərbiyə edilməsi istiqamətində görülən uzun illərin fəaliyyəti dayanır.
Beləliklə, bu haqq savaşımız bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış, öz torpağı, vətəni uğrunda qanından keçməyə belə hazır olan gənclər var.
Bu məqamda qeyd edək ki, gənclərimiz azərbaycançılıq ideologiyası əsasında tərbiyə olunaraq, inkişaf etdirilib. Təbii ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin azərbaycançılıq ideologiyasını mənimsəyərək milli maraqlar ətrafında sıx birləşməsinə xüsusi diqqət göstərir. Məhz bu kontekstdə yeniyetmə və gənclərdə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər an hazır olmaq ruhunda tərbiyə edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilib və hazırda da keçirilməkdədir.
Vətənpərvər gəncliyin yetişdirilməsində milli filmlərin də böyük rolu var
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan xalqının adı tarixə Qalib Xalq kimi yazıldı. Amma bu Qələbə eyni zamanda, özü ilə yeni çağırışlar, yeni tələblər, yeni reallıqlar gətirib. Ölkənin gələcəyi olan gənclərimiz də o çağırışlara hazır olmalıdır. Prezident İlham Əliyevin Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş forumdakı çıxışında bəyan etdiyi kimi “Ancaq digər çağırışlar var, digər məsələlər var ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur”.

Dövlət başçısının həmin çıxışda qeyd etdiyi kimi yeni çağırışlara gəldikdə isə bu, qloballaşma ilə bağlıdır. Düzdür, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır. Çünki bu cərəyana qarşı dünyada çox geniş müqavimət göstərilir, ancaq ideya olaraq qalır.
Qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Yəni, məqsəd dəyişmir və dəyişməyəcək. Bunu biz tarix boyu görürük.
Beləliklə, dövlət başçısı uğurları qeyd etməklə yanaşı, yol xəritəsini də göstərdi. Bəlli oldu ki, uğurlarımızın davamlı, dövlətimizin bundan sonra da yenilməz olmasının yolu vətənpərvər gənclikdən keçir. Bundan sonra da bu cür gəncliyin yetişməsi üçün isə dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları, təhsil müəssisləri, o cümlədən yaradıcılıq qurumları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidirlər.
Yaradıcı qurumlar içərisində isə mən kino istehsalı ilə məşğul olan qurumların üzərində xüsusilə dayanmaq istəyirəm. Çünki bu danılmaz bir həqiqətdir ki, vətənpərvər gəncliyin yetişdirilməsində milli filmlərin də böyük rolu var. Bəs bu sahədə nələr etmişik və nələri etməliyik?
Milli filmlərimizdə vətənpərvərlik mövzusuna geniş yer verildiyi inkaredilməzdir, amma…
Bu sualın birinci hissəsinə cavab vermək üçün istər öz yaddaşımıza, istərsə də kino istehsalı ilə bağlı ayrı-ayrı qurum, təşkilat və birliklərin fəaliyyəti ilə bağlı məlumatlara qısa nəzər salmaq kifayətdir. Ümumi qənaətimiz budur ki, Vətən müharibəsinə qədər olan dövrdə bu istiqamətdə heç də az iş görülməyib.
Yəni bu sahədə görülən işlərə dövlət qurumları ilə yanaşı, ayrı-ayrı yaradıcılıq təşkilatları, şair, dramaturq, yazıçı və bəstəkarlarımız, eləcə də ssenarist və rejissorlarımız da öz bacardıqları töhfələrini veriblər. Buna əsaslanaraq qeyd edə bilərik ki, 2020-ci il 44 günlük Vətən müharibəsinə qədər olan dövrdə demək olar bütün milli filmlərimizdə vətənpərvərlik mövzusuna həsr olunan səhnələrə geniş yer verildiyi inkaredilməzdir.
Bu başqa məsələdir ki, bu cür səhnələr müasir kino sənayesinin tələbləri səviyyəsində tamaşaçıya təqdim olunubmu? Yaxud bu cür filmlərimiz dünya arenasında da özünü təsdiq etmək gücündə olublarmı?
Təbii ki, bu suala cavab axtarsaq ortaya çoxsaylı fikirlər çıxa bilər. Lakin bəzi məqamları da qeyd etmədən keçmək olmur. Söhbət həmin filmlərin rəqabətqabilliyətli olmasından gedir. Rəqabətqabilliyətli deyəndə mən burada həmin filmlərin dünya kino bazarının tələblərinə cavab verməsi, texniki və yaradıcı baxımdan nə qədər effektli alınması məsələsinə toxunmaq istərdim.

Qələbəyə qədər çəkilən həmin filmlərin ərsəyə gətirilməsi təbii ki, təqdirəlayiqdir. Ən azı bu filmlərin hər biri üzləşdiyimiz bəlanı, erməni işğalını hansısa bir aspektdə işıqlandırıb, tamaşaçıya təqdim edib. Həmçinin onu da qeyd etməliyəm ki, bu filmlərin bəzilərinin çəkilişində Almaniyadan, o cümlədən digər xarici ölkələrdən rejissorlar dəvət edilib. Digər tərəfdən bu filmlərin bəziləri beynəlxalq müsabiqə və festivallarda da nümayiş olunub, müəyyən uğur qazanıb.
Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bu cür filmlərimizin sayı çox azdır. Yəni, bəhs etdiyimiz mövzularla bağlı filmlərimizin böyük bir qismi yalnız daxili auditoriya tərəfindən qəbul edilmək gücünə malikdir. Bu filmlərin səsləndirilməsində, montajında yol verilən xətalar, çəkiliş zamanı istifadə edilən texnikanın müasir tələblərə cavab verməməsi, digər bu kimi məqamlar həmin filmlərin sanki elə özümüz üçün çəkildiyi təəssüratını yaradır. Halbuki o filmləri daha keyfiyyətli şəkildə çəkərək dünyaya səs salmaq olardı.
Tarixi filmlərdəki səhnələr, işlədilən ifadələr gənclər üçün bir çağırış dəyərində olub
Bütün bunları sadalamaqla yanaşı, vurğulayaq ki, ümumilikdə Azərbaycan kinosunun xalqımızın dəyərlər sisteminin formalaşmasında çox böyük əhəmiyyəti olub. Heç şübhəsiz torpağı sevmək, onu yağılardan qorumaq, bu uğurda lazım gəlcə canından da keçmək məhz bu cür filmlərin əsas leytmotivini təşkil edib. Düzdür, bəlli bir dövrdə bu cür filmlər ancaq keşmiş tarixi özündə əks etdirib. Ancaq bu halda belə orada əks olunan səhnələr, işlədilən ifadələr bu gün də damarında azərbaycanlı qanı axan hər kəsi, xüsusuilə də gəncləri cuşa gətirir.
Bu baxımdan “Dədə Qorqud” filmində sadə çobanın əli yalın olsa da belə işğalçı düşmənə sinə gərməsi səhnəsi, o cümlədən Dədə Qorqudun dilindən səslənən “Torpağı əkib-becərmədin qorumağa dəyməz, torpağı qoruya bilmədin əkib becərməyə dəyməz” qiymətli kəlamı hər bir kəsdə torpağa sahiblik hissinin aşılanmasını xidmət edir.

Yaxud “Babək” filmində əsas qəhrəmanın dilindən səslənən “40 il qul kimi yaşamaqdansa, 1 gün azad yaşamaq yaxşıdı” kəlamı əslində, zamanında bir çağırış dəyərində olub bizlər, o cümlədən gənclər üçün.
Təbii ki, bu cür misalları çox çəkmək olar. Ancaq qeyd etdiyimiz kimi bunlar uzaq tarixdən bəhs edir. Ən əsası isə bu filmlərin böyük əksəriyyəti SSRİ dönəmində çəkildiyi üçün sovet senzurasına məruz qalıb. Odur ki, şanlı tariximizdən bəhs edən, Azərbaycan xalqının yaranışından, qurduğu dövlətlərdən, ayrı-ayrı əsrlərdə üzləşdiyi işğal faktlarından, qəhrəmanlığından bəhs edən və real faktlara əsaslanan bir ekran əsərinin meydanan çıxmasının vaxtıdır. Elə bir ekran əsəri ki, xarici tamaşaçı ona baxarkən “Azərbaycan haradır və Azərbaycan xalqı kimdir” sualına bütün məqamları ilə cavab tapa bilsin.
Ümumilkdə is gəncləri qəhrəmanlığa, ana Vətəni göz bəbəyi kimi qorumağa, sevməyə çağıran ekran əsərlərinin, eləcə də şəhidlərimizin ömür və döyüş yolundan bəhs edən filmlərin tamaşaçılara vətənpərvərlik ruhunun aşılanmasında rolu böyükdür.
Azərbaycanda hərbi-vətənpərvərlik mövzusunda filmlərin çəkilməsinə xüsusi diqqət göstərilib
Eyni zamanda, bu məqamda müasir dövrdə, Vətən müharibəsinə qədər çəkilən filmləri də qeyd etməliyik. Yəni Azərbaycanda müharibə mövzusunda çəkilən filmlər arasında Qarabağla bağlı həm tam və qısa metrajlı, həm də sənədli və cizgi filmləri əsas yer tutur. Qələbəyə qədər çəkilən filmlərimizə gəlincə, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin gerçəklikləri, müharibə və onun fəsadları, humanitar fəlakətlər bu filmlərin əsas mövzusunu təşkil edir. Həmin filmlərin əksəriyyəti xarici ölkələrdə də nümayiş etdirilərək böyük uğur qazanıb.
Bir sözlə, son illərdə tarixmiz, ermənilərin zaman-zaman azərbaycanlılar qarşı həyata keçirdikləri qanlı aksiyalar, Azərbaycanda Qarabağ müharibəsi, bu müharibə fonunda yaşananlar, ümumiyyətlə, hərbi-vətənpərvərlik mövzusunda filmlərin çəkilməsinə xüsusi diqqət göstərilib.
Bəhs olunan mövzuda filmlərin istehsalı üçün dövlət tərəfindən hər cür imkan yaradılıb. Bu mövzuda hər il bədii, sənədli, tam və qısa metrajlı filmlər çəkilib.

Milli istehsalımız olan “Hücum”, “Tələ”, “Fəryad”, “Haray”, “Laçın dəhlizi”, “Ümid”, “Sarı gəlin”, “Girov”, “Arxada qalmış gələcək”, “Yalan”, “Biz qayıdacağıq”, “Ağ atlı oğlan”, “Günaydın, mələyim”, “Qala”, “Bir addım”, “Yaddaş”, “Yol”, “Dolu”, “Xoca”, “Mən evə qayıdıram”, “Nabat”, bədii filmlərini, həmçinin “Qarabağ düyünü”, “Vətən mənə oğul desə”, “Naməlum torpaq”, “Ulu diyarın harayı”, “Qaçqınlar”, “Qədirin sorağında”, “Xocalı – əsrin faciəsi”, “Həsrət”, “Qan yaddaşı”, “Elan olunmamış müharibə” kimi sənədli filmlər bu sıraya aid edə bilərik.
Təbii ki, bunları təqdir etməklə yanaşı, bildiriməliyik ki, Vətən müharibəsindəki qələbəmizdən sonra bu müharibənin gerçəkliklərini təqdim etmək üçün kinomuzda da yeni mərhələ başlayıb. Məhz bu baxımdan milli kino istehsalçılarımız da yeni dönəmə hazırlıqlı olmalıdır. Düzdür, tarixi Zəfərimizdən sonra çoxlu sayda yaradıcılıq işlərinin ərsəyə gələcəyi şübhəsizdir. Hətta onların bəzilərinin çəkilişlərinə artıq başlanılıb, bəzilərinin isə çəkilişləri üçün son tamamlanma işləri gedir. Bir sözlə, Qələbəmiz mövzusunda bədii və sənədli filmlər çəkiləcək. Həmin filmlərdə şəhidlərimizin qəhrəmanlıqları, xalqımızın həmrəyliyi xüsusi vurğulanacaq.
Hərbi-vətənpərvərlik mövzusunda olan filmlər gənclərin daha çox maraq dairəsindədir
Daha doğrusu, əgər 2020-ci ilin sentyabrına qədər ərazilərimizin işğal edilməsi ilə bağlı məqamlar, torpaqların geri qaytarılmasına çağırışları filmlərin əsas motivini təşkil edirdisə, yeni dönəm ekran əsərlərinin əsas mövzusu Vətən müharibəsinin qəhrəmanları, şəhidlərimizin ömür və döyüş yolları, dünyanın hərbi mərkəzlərini heyrətə salan döyüş taktikamız, 30 ildən sonra doğma torpaqlarımıza qovuşmağımız, şanlı qələbəmizin təmin olunmasına ölkəmizdə yaşayan bütün xalqların töhfə verməsi olmalıdır.

Mən gənclərə yaxın olan, daim onların içində olan biri kimi birmənalı olaraq qeyd edirəm ki, hərbi-vətənpərvərlik mövzusunda olan filmlər gənclərin daha çox maraq dairəsindədir. Odur ki, bu mövzuda filmlərinin sayı çox olmalı, təbliğatı yüksək səviyyədə həyata keçirilməlidir. Çünki qəhrəmanlıq və vətənpərvərlik ruhunda çəkilən filmlər uşaqlarda, gənclərdə Vətənə, torpağa sevgi və qayğı hisləri formalaşdırır. Bu bizim qəhrəmanlıq yaddaşımızın itməməsinə, həm də cənab Prezidentin bəyan etdiyi kimi gənclərin gələcək çağırışlara hər zaman hazır olmasına da təkan verir.
Əminəm ki, bu təklifimə tezliklə müvafiq qurumlar tərəfindən reaksiya veriləcək
Yazıma yekun vuraraq bildirmək istəyirəm ki, ayrı-ayrı hadisələr fonunda çəkiləcək filmlərlə yanaşı biz iki məqama xüsusi olaraq diqqət etməliyik. Bunlardan birincisi tariximizlə bağlıdır ki, mən yuxarıda buna dait fikirlərimi yazdım. İkinicis isə 44 günlü Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizlə bağlıdır.
Hesab edirəm ki, biz tarixi Zəfərimizi sözün bütün mənalarında dünya tamaşaçısına çatdıracaq genişməzmunlu bir filmin də çəkilməsinə nail olmalıyıq.

Yəni, bu filmin ana xəttini son yüz il ərzində əldə edilən tarixi Zəfərimiz təşkil etməlidir. Bir sözlə, tarixi Zəfərimizə layiq filmin çəkilməsinin zamanıdır. Bu film qəhrəmanlıq salnaməmizi, torpağını canından əziz tutan azərbaycanlıların şücaətini bədii dildə dünya tamaşaçısına çatdırmalıdır.
Bu filmin, bəlkə də iki-üç seriyalı bir ekran əsərinin, Azərbaycanımıza, şanlı Qələbəmizə layiq şəkildə ərsəyə gəlməsi üçün lazım gələrsə xaricdən, hətta Hollivuddan belə aktyorlar dəvət edilməlidir. Düşünürəm ki, bunu zaman itirmədən, tez bir vaxtda etməliyik.
Çünki əvvəla bu gün o erməni işğalçılarının viranə qoyduqları şəhər və rayonlarımız çəkiləcək yeni film üçün tarixi və canlı kadr rolunu oynaya bilər ki, bu da filmin daha da təsirli olmasına yol açar. İkinci bir tərəfdən o qələbənin qəhrəmanları əslində filmdə rol ala bilərlər.

Burada bir məqamı da xüsusi olaraq qeyd etmədən keçmək istəmirəm. Düşünürəm ki, biz daha da güclü texniki və yaradıcı imkanlara malik bir filmin çəkilməsini, həmin filmdə dünyanın tanınmış aktyrorlarının da rol almasını təmin edə bilsək o zaman tarixi Zəfərimizin bədii təqdimatı olan həmin filmin beynəlxalq arenada daha geniş təqdimatına nail ola bilərik. Təbii ki, bu cür filmin çəkilməsi həm də güclü büdcə tələb edir. Bəllidir ki, dövlətimiz milli filmlərimizin çəkilməsi üçün lazımi vəsaiti ayırır. Amma qənaətim budur ki, bu cür filmin çəkilməsi üçün ayrı-ayrı böyük şirkətlər, o cümlədən xeyriyyəçi insanlar da yaxından dəstək olmalıdırlar. Bu məqamda yenə də yaxın tarixlə bağlı bir detalı xatırlatmaq istəyirəm. Müstəqilliyimizn ilk illərində milli filmlərimizin ərsəyə gəlməsində ayrı-ayrı qurumlar, şirkətlər, müəssisələr necə deyərlər, sinələrini irəli vermişdilər. Hətta bir müəyyən filmlər var ki, onların tam bir şəkildə çəkiməsi üçün sponsorluğu bir müəssisə həyata keçirib.
Beləliklə, bu təcrübədən yola çıxaraq tariximizə, xalqımıza, Qələbəmizə xidmət edəcək, o cümlədən şəhidlərimizin əziz ruhlarına ərmağan olacaq belə bir filmin çəkilməsində ayrı-ayrı böyük şirkətlərin, xeyriyyəçi insanların da yaxından iştirak edəcəklərinə əminəm. Bununla onlar həm də öz adlarını da tarixə yazmış olacaqlar.
Əminəm ki, bu təklifimə tezliklə müvafiq qurumlar tərəfindən reaksiya veriləcək. Belə bir filmin çəkilişində türk qardaşlarımız demiş, hər kəs əlini daşın altına qoyacaq.

