“TDT daha geniş və daha çevik əməkdaşlıq formatına keçir”-Millət vəkilibackend

“TDT daha geniş və daha çevik əməkdaşlıq formatına keçir”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan digər üzv ölkələrlə birlikdə Türk Dövlətləri Təşkilatının fəaliyyət istiqamətlərinin genişlənməsi istiqamətində fəal iş aparır. Təşkilatın Qəbələdə keçirilən 12-ci zirvə görüşü təşkilatın fəaliyyət tarixində növbəti mühüm mərhələ oldu. Ev sahibi Azərbaycan başda olmaqla bütün üzv ölkələr təşkilatın nüfuzunun artırılması istiqamətində səyləri daha da möhkəmləndirməkdədir. Zirvə toplantısında səslənən əsas mesajlardan biri də təşkilatın qlobal arenada vacib aktor kimi rolunun artması idi”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkilinin sözlərinə görə, bu ilin avqustunda Vaşinqton sammitində əldə edilmiş razılaşmalar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması TDT tərəfindən də dəstəkləndi:

“Zirvə toplantısının rəhbərləri bu inkişafı Cənubi Qafqazda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifah yolunda mühüm addım kimi qiymətləndirirlər. Qəbələ zirvəsində dövlət başçıları dinc, təhlükəsiz və firavan Türk Dünyası vizyonuna birgə sadiqlik nümayiş etdirdilər. Siyasi dialoq, təhlükəsizlik, iqtisadi potensialın düzgün qiymətləndirilməsi təşkilatın dəyişməyən prioritetləridir. 12-ci zirvə toplantısının yekun bəyannaməsində bu istiqamətdə işbirliyinin daha da möhkəmləndirilməsi nəzərdə tutulur. Xüsusilə strateji önəm kəsb edən nəqliyyat infrastrukturunun artan imkanları “qazan-qazan” prinsipinə söykənir. Tərəflər eyni zamanda qarşılıqlı maraq doğuran sahələrdə xarici tərəfdaşlarla əməkdaşlıq üçün çevik çərçivə kimi “TDT+” Formatının yaradılması haqqında qərar da qəbul etdilər. Bu format təşkilata marağın ilbəil artmasının göstəricisidir və TDT+ təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcı sayıla bilər. Beləliklə, TDT artıq daha geniş və daha çevik əməkdaşlıq formatına keçir”.

“Prezident İlham Əliyevin 2026-cı ildə ortaq hərbi təlim keçirmək təşəbbüsü isə xüsusi əhəmiyyət kəsb edir. Türk coğrafiyasında təhlükəsizliyin təmin olunması ortaq maraqların təmin olunması deməkdir. Təbii ki, istənilən xarici təhdidlər fonunda hərbi işbirliyi dövrün tələbidir. Cənab Prezident də qeyd etdi ki, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində də sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb”,- Könül Nurullayeva deyib.

//Gülnarə Abasova, Editor.az