“TDT-nin Zirvə Görüşü dünya üçün çətin olan anlarda keçirildi”- ŞƏRHbackend

“TDT-nin Zirvə Görüşü dünya üçün çətin olan anlarda baş tutdu”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk Dövlətləri Təşkilatının yubiley Zirvə Görüşü tarixi əhəmiyyətli hadisədir”.

Bu sözləri Editor.az-a TDT-nin Zirvə Görüşü ilə bağlı danışarkən siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, TDT beynəlxalq kontinental təşkilat olaraq bu qəbildən ən gənc təşkilat sayılır:

“Sözsüz ki, onun üzvləri arasında Asiya, Avropa ölkələri var. Tam mənada artıq TDT beynəlxalq kontinental təşkilat sayıla bilər. 10 il ərzində bu təşkilat böyük bir inkişaf yolu keçib. Üzvlərinin məşvərət xarakterli qurumundan artıq qarşılıqlı hüquq və öhdəliklər prinsipinə söykənən təşkilata qədər uzun bir formalaşma yolu qət etdi. Hazırda TDT-nın sıraları genişlənməyə davam edir”.

Siyasi ekspert bildirib ki, Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü dünya üçün çətin olan anlarda keçirildi: “Belə ki, yaxın coğrafiyamızda bir neçə yerdə müharibələr baş verir, toqquşmalar mövcuddur. Hətta bu toqquşmaların daha da genişlənəcəyi ehtimalı var. TDT-nin Türkiyə kimi qlobal siyasət aparan, Azərbaycan kimi dünya proseslərində təsirli rol oynayan üzvləri var. Belə şəraitdə TDT xüsusilə də coğrafiyamızda baş verən hərbi, siyasi dəyişikliklərə laqeyd qala bilməz və bu nöqteyi-nəzərdən öz siyasətini qurmalıdır.

Baş tutan Zirvə Görüşündə Azərbaycan Prezidenti və digər rəsmilərin çıxışlarının təhlili göstərir ki, TDT mövcud olan beynəlxalq çağırışlara mümkün qədər həssas reaksiya verməyə çalışır. Bu mənada Azərbaycan Prezidentinin təşkilata üzv ölkələr arasında hərbi və təhlükəsizlik əlaqələrinin gücləndirilməsi ilə bağlı etdiyi çağırışlar olduqca əhəmiyyətlidir. Yəqin ki, digər türk dövlətləri də bu çağırışın nələrə nəzərən edildiyinin fərqindədirlər”.

Ekspertin sözlərinə görə, Mərkəzi Asiya ölkələri olaraq türk dövlətləri Azərbaycan və Türkiyə bu gün cənub-şərqi Asiya ilə Avropa arasında çox böyük əlaqələndirici rol oynayır:

“Zirvə Görüşünün də mühüm mesajlarından biri ondan ibarət oldu ki, Asiya ilə Avropa arasında çox etibarlı bir körpü olmaq baxımından Mərkəzi Asiya dövlətləri olan Azərbaycan və Türkiyənin rolu hədsiz böyükdür.

Zirvə Görüşünün mesajları ilk növbədə türk dövlətlərinə yönəlib. Belə ki, onlar əlaqələrini gücləndirmədikləri təqdirdə, gələcəkdə problemlərlə üz-üzə qala bilərlər”.

//Səbinə Hüseynli, Editor.az