Təbiətə divan tutan Ermənistanın COP29 “fəndi”: Yarımçıq sülhün kölgəsindəki siyasi məqsədlərbackend

Təbiətə divan tutan Ermənistanın COP29 “fəndi”: Yarımçıq sülhün kölgəsindəki siyasi məqsədlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Vaaqn Xaçaturyan “Reuters” agentliyinə müsahibəsində noyabrda Bakıda keçiriləcək COP29-a qədər Azərbaycanla sülh sazişinin imzalana biləcəyinə ümid etdiyini deyib. Məsələ burasındadır ki, Azərbaycan sülhdən boyun qaçırmır, əksinə, müharibədə qalib tərəf olmasına baxmayaraq, Ermənistana dəfələrlə sülh əlini uzadan da, təkliflər paketi göndərən də məhz rəsmi Bakı olub. Sadəcə, İrəvan hər dəfə havadarlarının da dəstəyi ilə yeni təxribatlarla prosesi tormozlayıb. Xüsusən də Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması, Qərb ölkələri və təşkilatlarını Cənubi Qafqazda təxribatlarını intensivləşdirmək üçün regiona gətirib, özünə sipər etməsi Azərbaycanın haqlı narahatlığına səbəb olub ki, deməli, Ermənistan hakimiyyəti və cəmiyyəti revanşist əhvali-ruhiyyədən hələ də əl çəkməyib.

Bu baxımdan, Azərbaycan haqlı olaraq, potensial görünən yeni münaqişə ehtimalını aradan qaldırmaq, iki ölkə arasında münasibətləri normallaşdırmaq və regionda sabitliyin bərpa olunması üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələrin çıxarılmasını tələb edib, əks təqdirdə sülh sazişinin mümkünsüzlüyünü bildirib.

Ermənistan isə bu günə qədər nala-mıxa vuraraq bir-birinə zidd açıqlamalarla bu təklifə də birmənalı cavab verməyib. Nəticədə nə münasibətlər normallaşıb, nə də sülh sazişi imzalanıb. Bu baxımdan, Xaçaturyanın hansı sülhdən danışdığı məlum deyil. Ki, bu sülh Ermənistanın şərtləri ilə nəzərdə tutulursa və bu şərtlərin qəbul ediləcəyi təqdirdə Azərbaycanın dəvətini qəbul edib COP29-da iştirak edəcəksə, bu, ağlabatan olmadığı qədər, həm də mümkünsüzdür. Üstəlik, Ermənistanın COP29-da iştirak etmək üçün Azərbaycanın dəvətini hələ də dəyərləndirməməsi bu ölkənin bəşəri mahiyyətinin olmadığını və humanizm prinsiplərindən çıxış etmədiyini bir daha göstərir. Çünki adından da göründüyü kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı bəşəriyyəti gözləyən əsas təhlükələrdən xilas olmağın yollarını axtarır, ortaya həll yolları qoyulur. Lakin 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan zaman ölkəmizə qarşı ekosid (təbiətin soyqırımı) törədən Ermənistan üçün əlbəttə ki, bu ali dəyərlərin əhəmiyyəti sual altındadır.

Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi İlyas Hüseynov da hesab edir ki, COP29 çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dair müxtəlif fikirlər səslənir, amma əsas məsələ bundan ibarətdir ki, yarımçıq sülh heç kimə lazım deyil:

“Çünki yarımçıq sülhün kölgəsində bir sıra siyasi məqsədlər gizlənir. Ona görə də yaxşı olardı ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi istiqamətində praktiki addımlar atıla və yaxud da Minsk qrupunun buraxılması üçün əməli fəaliyyət icra olunardı. Bunu etmək isə çox asandır, lakin Ermənistan bu məsələdə böyük israr nümayiş etdirir. Hətta xarici işlər naziri səviyyəsində Minsk qrupunun buraxılması üçün ATƏT-in katibliyinə müraciət etmək də mümkündür və beləliklə yeni reallıqların qəbul edilməsi, revanşizmdən əl çəkmək daha real şərtlər altında mümkün ola bilər. Ermənistan isə bundan boyun qaçırır”.

“Digər tərəfdən, COP29 tədbirinə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizi istəməyən qüvvələri də hərəkətə gətirib. Ölkəmizə qarşı müxtəlif qarayaxma kampaniyaları icra olunur, bir sıra şəxslərin ələ alınması ilə onların müəllifliyində məkrli yazılar dərc olunur və bu da vəziyyəti bir qədər də qəlizləşdirir. Nəticə də Ermənistanın sülhdə maraqlı olmadığını nümayiş etdirir”, – deyə şərhçi vurğulayıb.

Onun sözlərinə görə, COP29-un fəlsəfəsi, mahiyyəti kifayət qədər aydın olduğu üçün Ermənistanın bundan boyun qaçırması bu ölkənin əsl mahiyyətini göstərir:

“Çünki COP29-da, əsasən, iqlim dəyişikliyi istiqamətində baş verən hadisələri müzakirə etmək, onların həll yollarını axtarıb tapmaq əsas vəzifədir. Lakin təəssüflər olsun ki, Ermənistan bundan da siyasi məqsədlər üçün istifadə edir və ölkəmiz haqqında çox yanlış təsəvvürlər formalaşdırmağa çalışır”.