Rusiyanın “Aeroflot” aviaşirkəti mühərrikdə yaranan nasazlıq səbəbindən Şeremetyevo hava limanına qəza enişi edilməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.
şirkətin mətbuat xidmətindən verilən məlumata görə, insidentə texniki nasazlıq deyil, təyyarənin quşla toqquşması səbəb olub.
Xatırladaq ki, hadisə barədə ilkin məlumatı “112” Telegram kanalı paylaşıb.
“Uçuş təhlükəsizliyi qaydalarına uyğun olaraq, 22 mart tarixli SU1854 nömrəli Moskva-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı, qalxışdan sonra təyyarənin quşla toqquşması səbəbindən geri qayıtmaq qərarı verib”, – aviaşirkətin rəsmi açıqlamasında bildirilir.
Şirkət həmçinin əlavə edib ki, icazə verilən maksimum eniş çəkisini təmin etmək məqsədilə təyyarə gözləmə zonasında qalaraq yanacağı tükədib. Eniş Moskva vaxtı ilə saat 12:09-da ştat rejimində həyata keçirilib. Qeyd olunub ki, eniş anında hər iki mühərrikin iş parametrləri norma daxilində olub.
“Aeroflot”un mətbuat xidməti insidentdən sonra hava gəmisinin əlavə texniki baxışdan keçəcəyini, sərnişinlərin isə Bakıya ehtiyat təyyarə ilə yola salınacağını bildirib.
Musavat.com

