Bir neçə gündür tez-tez müxtəlif ərzaq məhsullarının qiymət artımı ilə bağlı məlumat alırıq. Əhalinin gündəlik təlabatı olan çörəyin daha sonra isə yumurta və ətin qiymətinin artması sual yaradır ki, vətəndaşların aylıq qazancı buna kifayət edirmi? Bu istiqamətdə hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı bildirdi ki, son bir ildə ərzaq və qeyri-ərzaq məhsulları, bütün növ mal və xidmətlərin qiymətləri ortalama 2 dəfə artıb: “ Bu da o deməkdir ki, əhalinin sosial vəziyyəti 2 dəfə ağırlaşıb, yoxsulluq artıb. İnsanların ala bilmədiyi ərzaq çatışmazlığının səviyyəsi yüksəlib. Bu bahalaşma fasiləsiz olaraq davam edir. Demək olar ki, hər gün, hər həftə qiymət artımı müşahidə olunur. Amma bunun kompensasiya olunması haqqında söhbət belə getmir. Nə maaş və pensiyalar artırılmır, nə də digər yollarla əhaliyə sosial yardım hələ ki yoxdur. Bu o deməkdir ki, sosial vəziyyət davamlı şəkildə ağırlaşacaq. Təcili tədbir görülməsə aclıq və yoxsulluğun artımı gözlənilir.
Dövlətin bahalaşmanın qarşısını almaq üçün lazım olandan da artıq imkanı var. Çünki son 1 ildə biz neft və qazdan 2-4 dəfə artıq gəlir əldə edirik. Bu imkan verir ki, istənilən qədər sosial yardımı, maaş və pensiyaları artırsınlar. Bu prosesin hansı səbəbdən gərçəkləşməməsi də çox maraqlı məqamdır”. Elçin Bayramlının sözlərinə görə, maaş və pensiyaların artımı əhalinin az bir hissəsinə təsir edir: “ Həmişə dövlət büdcəsində maliyyələşən təşkilatlardakı işçilərin maaşı artır. Bu da çox az hissəni təşkil edir. Özəl və fərdi işçilərin maaşı artmır. Ona görə dövlət elə bir sosial siyasət aparmalıdır ki, əhalinin gəlirlərinin artması bərabər paylansın və hərkəsin gəlirləri heç olmasa bahalaşmanı kompensasiya edə biləcək qədər artsın. Bunun üçün yaşayış minimumunu 200 manatdan 300 manata qaldırmaq lazımdır. Minimum əməkhaqqı 300 manatdan 500 manata qaldırılmalıdır. Bu özəl şirkətləri məcbur edəcək ki, 500 manatdan aşağı əməkhaqqı verməsinlər. Hazırda 500 manat 250 avro civarıdır və bu, dünyada ən aşağı rəqəm olacaq artdıqdan sonra. Yaşayış minimumunun artırılması o deməkdir ki, sosial yardım alanlar daha çox pul ala biləcək. Hazırda 200 manat bu bahalaşma ilə uyğunlaşmır. Ən pis halda bu məbləğ 300 manata artırılmalıdır. Əgər belə olmasa ölkədə sosial narazılıq artacaq və bahalaşma baş alıb gedəcək. Bu zəncir effektidir. Xaricdən gələn bəzi məhsullar bahalaşanda yerli məhsul istehsalçıları da ona baxıb qiyməti artırırlar. Çünki onların xərcləri artıb. Xidmət sektorunda da eyni vəziyyətdir. Xidmət sektorunda çalışanlar hər şeyi baha aldıqları üçün öz xidmətlərinin qiymətini qaldırırlar. Durmadan bu qiymətlər bahalaşır”.
Vergiləri və rüsumları işıq qaz su həmçinin beniz və dizeli azalda bilərlər ki yerli istehsalda maya dəyəri aşağı düşsün. Eyni zamanda fermerlərə dəstək artırılmalıdır subsidiyalar güzəştli kreditlər, əsas ərzaq məhsulları istehsalı vergilərdən azad edilməlidir. Bununla yanaşı özünüməşğulluq proqramının həcmi 10 dəfə artırılmalıdır xüsusən ərzaq istehsalı bitkiçilik və heyvandarlıq üzrə.
Qarşıdan ağır qlobal ərzaq böhranı gəlir təcili tədbirlər görülməli, ərzaq istehsalı üzrə böyük bir dövlət proqramı hazırlanmalıdır.
//Safura Bənnayeva, Editor.az

