“Tədrisin hansı formada davam edəcəyi hadisələrin gələcək gedişindən asılıdır”- AÇIQLAMAbackend

“Tədrisin hansı formada davam edəcəyi hadisələrin gələcək gedişindən asılıdır”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hansısa valideynin və ya bir qrup valideynlərin övladları üçün narahatlıq keçirmələri başadüşüləndir. Lakin məktəblərin tamamilə bağlanması ilə bağlı kimlərinsə istək və tələbi bu problemin həllində əsas götürülə bilməz”.

Bu sözləri Editor.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, mövcud pandemiya şəraitində yaranmış və yarana biləcək vəziyyət Nazirlər Kabinetinin müvafiq qərarı və bu qərara uyğun təsdiq olunmuş “Qaydalar” əsasında tənzimlənir:

” Bu baxımdan da, bu gün və ya sabah pandemiyanın fəsadları tam aradan qaldırılmayanadək, təhsil müəssisələrində yarana biləcək hər hansı bir çətinliyi, ümumiyyətlə təhsilin keyfiyyətinə təsir göstərə biləcək hər hansı bir təzahürü qabartmaq və ya bunu mübahisə obyektinə çevirmək o qədər də ədalətli mövqe sayıla bilməz. Onu da qeyd edim ki, əyani təhsilə keçid haqqında qərarın verilməsi, əsasən böyük əksəriyyətin ənənəvi təhsilə keçidin tərəfdarı olması ilə əlaqədar olub. Bu məqsədlə hətta sorğular vasitəsilə ümumi ictimai rəy belə öyrənilib, ayrı-ayrı, üst-üstə düşən təkliflər nəzərə alınıb. Başqa sözlə, təhsildə aşkarlıq və şəffaflıq prinsiplərinin gözlənilməsi üçün lazımı cəhd göstərilib. Əsas vəzifə ondan ibarətdir ki, təhsilin davamlılığı və dayanıqlılığı təmin edilsin. Çünki, dayanıqlı təhsilə münasibət birmənalıdır. Təhsil nazirinin də açıqlamalarının birində qeyd etdiyi kimi pandemiya dövründə insan inkişafını dondura bilmərik. Ona görə də təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin. Bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz ki, üz-üzə (əyani) təhsilə keçsək belə məsafədən (distant) təhsilə diqqəti azaltmamalıyıq”.

Nadir İsrafilov vurğulayıb ki,  istər orta ümumtəhsil məktəblərində, istərsə də ali və orta ixtisas müəssisələrində nəzərdə tutulan müddətdə ənənəvi tədrisə başlanılması heç də əyani təhsilin bütün il boyu davamlı və dayanıqlı olacağı barədə kimlərdəsə arxayınçılıq yaranmasına əsas vermir:

“Hər şey mətbuat konfransında da xüsusi olaraq vurğulandığı kimi vaksinasiyadan, təhsil müəssisələrində sanitar-gigiyenik qaydalara və digər təhlükəsizlik normalarına necə riayət olunmasından asılı olacaq. Yoluxma sayının artması ilə əlaqədar lokal qapanmalar gözlənilən idi. Tədrisin hansı formada davam edib-etməyəcəyi hadisələrin gələcək gedişindən asılıdır. Hələ ki, təhsil müəssisələrinin bütövlükdə qapanmasından söhbət gedə bilməz. Yoluxma sayının artdığı müəssisələrdə və siniflərdə və qruplarda lokal qapanmalar ola bilər və müəyyən müddətdən sonra bərpa da oluna bilər, necə ki olunur da. Burada söhbət bir müddətlik müvəqqəti qapanmadan gedə bilər. Hələlik vəziyyət o dərəcədə də də kritik deyil. Yoluxmanın müəyyən artımı təhsildən yayınma üçün ciddi əsas sayıla bilməz. Vəziyyət nəzarətdədir. Əsas məsələ lazımi təhlükəsizlik tədbirlərini görməkdir. Əgər yoluxma sayında kütləvi artım olarsa daha sərt addımlar atmaq barədə düşünmək olar. O ki, qaldı məktəblərə virusun yayılma mənbəyi kimi baxılmasına, bu kökündən yanlış bir yanaşmadır. Kütləvilik baxımından digər ictimai – sosial sferalarla müqayisədə ən təhlükəsiz və etibarlı mühit məhz məktəb mühitidir. Məktəblərin qapanması uşaqların küçələrə, meydanlara, əyləncə mərkəzlərinə axınına şərait yaradacaq ki, bu da vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxaracaq. Lokal qapanmalara getməklə yoluxmaların sayının minimuma endirilməsi hazırda ən optimal variant sayıla bilər”.

//Gülnarə Abasova, Editor.az