Təhlükəsizlik üzrə ekspert: “Ermənistan nəticə çıxarmalıdır”backend

Təhlükəsizlik üzrə ekspert: “Ermənistan nəticə çıxartmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aprelin 11-i Ermənistan silahlı qüvvələri bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması nəticəsində şəhid və yaralılarımızın olması düşmən ölkənin Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat cəhdidir. Ermənistan mütəmadi olaraq belə hərbi təxribatlara yol verməklə sülhdə maraqlı olmadığını, dünyanın fərqli siyasi dairələrinin bu bölgədə maşası rolunu oynadığını dəfələrlə sübut edib”.

Bu sözləri Editor.az-a açıqlamasında “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Məmmədov deyib.

O, bildirib ki, Ermənistan 44 günlük Vətən müharibəsindən sonra mütəmadi olaraq ölkələr arasında sülh sazişi imzalanma prosesini sabotaj edir. Ekspertin sözlərinə görə, dəfələrlə sülh sazişi ilə bağlı müəyyən yol qət edilsə də sonradan Ermənistanın qeyri-konstruktiv davranışları nəticəsində bütün danışıqlar prosesi pozulub:

” Bu isə onu göstərir ki, Ermənistan hər zaman olduğu kimi revanşist və təcavüzkar siyasətini davam etdirir. Onun əsas məqsədi maksimum şəkildə prosesi uzatmaq və sülh sazişindən yayınmaqdır. Ermənistan daima havadarlarının dəstəyinə arxalanır və regionda müəyyən proseslərin baş verəcəyinə ümid edir. Bununla da gələcəkdə öz revanşist istəklərini həyata keçirtməyi planlayır”.

Alyans sədri bildirib ki, Ermənistanın bu cəhdləri nəticəsiz qalacaq. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu daha da güclü və hazırlıqlıdır. Ermənistan İkinci Qarabağ Savaşı və postmüharibə dövründə həyata keçirtdiyi hərbi təxribatlardan sonra başına gələnlərdən nəticə çıxartmalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh sazişini imzalamalıdır: ” Əks halda Azərbaycan bundan sonra da həm Ermənistana, həm də Qarabağdakı erməni quldur dəstələrinə qarşı sərt hərbi məcburetmə tədbirləri həyata keçirəcək. Bu isə Azərbaycanın BMT Nizamnaməsi ilə tanınan hüququdur”.

“Azərbaycan- Ukrayna” Alyansının sədri onu da qeyd edib ki, onlar mütəmadi olaraq Ermənistanın hərbi və siyasi təxribatı barədə Ukrayna ictimaiyyətini məlumatlandırırlar.

Qeyd edək ki, Elmar Məmmədov uzun illər Xüsusi Dövlət Mühafizə Xidmətinin xidmətin təşkili və nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

//Gülnarə Abasova, Editor.az