“Ermənistanın hərbi təlim keçirdiyi ölkə Amerika Birləşmiş Ştatlarıdır. Həm iqtisadi, həm də hərbi cəhətdən dünyanın bir nömrəli hegemon gücüdür”.
Bunu Editor.az-a politoloq Natiq Miri Bakıda səfərdə olan İran Silahlı Qüvvələri Baş Qərargahının İdarə rəisi Məhəmməd Əhədinin, İranın Azərbaycanla sərhədə guya hərbi qüvvələr yığması haqda yayılan məlumatların yalan olduğu və İran rəsmiləri tərəfindən İrəvanın xarici qüvvələrlə hərbi təlim keçməsinin vəziyyəti daha da çətinləşdirdiyi ilə bağlı fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Avropa Birliyinin müşahidə missiyası adı altında Ermənistana yüzlərlə qüvvə cəlb edildi: ” İran da yaxşı başa düşür ki, rəsmi İrəvanla ABŞ-ın hərbi təlimlərinin keçirilməsi kontekstində 85 nəfərin Ermənistana gəlməsi gələcəkdə ABŞ hərbi qüvvələrinin buraya yolunu açmaq üçündür. Rəsmi Tehran da bundan narahatdır. Çünki Qərb qüvvələrinin xüsusən də ABŞ-ın tədricən İran sərhədlərində yerləşməsi Tehranın yuxusunu qaçıracaq vəziyyətdir”.
Politoloqun fikrincə təlimlərin keçirilməsi İran üçün öldürücü xəbərdir: ” Rəsmi Tehran nə qədər narahat olubsa, özünün qardaşı saydığı haylara etiraz xarakterli bəyanat verib. İndiyə kimi bu qəbildən yanaşmanın şahidi olmamışdıq. Deməli ortada ciddi narahatlıq doğuran məqam var. Əks halda ABŞ hərbiçiləri asanlıqla Ermənistana gəlməzdi”.
Natiq Miri ABŞ, Qərb dünyası, NATO-nun Ermənistana gəlişi üçün qapı açıldığını düşünür: ” Buna şərait yaradan isə Paşinyan hökumətidir. İranı narahat edən də budur. Sərhədlərində özünə düşmən saydığı qüvvələrin yerləşməsi potensial təhlükədir”.
//Safura Bənnayeva, Editor.az