Tehranın gizli hazırlığı: “İran bölgədə növbəti qarşıdurma fazasına hazırlaşır”backend

Tehranın gizli hazırlığı: “İran bölgədə növbəti qarşıdurma fazasına hazırlaşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə güc balansı son aylarda sürətlə dəyişir və bölgədə baş verən hərbi-siyasi dinamika artıq təkcə lokal qarşıdurma kimi deyil, daha geniş regional strategiyaların toqquşması fonunda qiymətləndirilir. İranın müxtəlif istiqamətlər üzrə aktivləşməsi göstərir ki, Tehran mövcud vəziyyəti “zərbələrin cavablandırılması” kimi deyil, qarşıdakı mərhələlər üçün strateji hazırlıq prosesi kimi dəyərləndirir. Regiondakı proksi qrupların hərəkətliliyinin artması, logistika kanallarının genişlənməsi və silahlanmanın intensivləşməsi İran–İsrail qarşıdurmasının daha mürəkkəb və çoxşaxəli fazaya keçdiyini göstərən mühüm indikatorlardır. Bu fonda tərəflərin birbaşa müharibədən yayınmağa çalışması, amma eyni zamanda qarşı tərəfi çəkindirməyə yönəlmiş addımlar atması regionda kəskin, lakin nəzarət altında saxlanılan təhlükə mühitini formalaşdırır. Bütün bunlar yaxın perspektivdə situasiyanın daha da gərginləşə biləcəyinə işarə edir.

Mövzu ilə bağlı siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, İranın son addımları Tehranın yalnız mövcud zərbələrin kompensasiyasına deyil, qarşıdurmanın növbəti mərhələsinə hazırlaşdığına işarə edir:

“İsrailin hədəfli zərbələri İranın uzun illər ərzində formalaşdırdığı proksi infrastrukturuna ciddi ziyan vurdu. Buna görə Tehran hazırda raket arsenalını sürətlə genişləndirmək və zədələnmiş obyektləri bərpa etməklə itirilmiş təsir gücünü geri qaytarmağa çalışır. Livan, Yəmən və İraq xəttində silah daşınmasının intensivləşməsi təsadüfi deyil, bu, planlı strategiyanın tərkib hissəsidir. Proses, əslində, İran–İsrail qarşıdurmasının gizli mərhələdən yarıaçıq fazaya keçdiyini göstərir. Tehran birbaşa müharibədən yayınır, lakin proksilər vasitəsilə münaqişəni daha geniş geografiyaya yaymağa cəhd edir”.

Analitik qeyd edib ki, proksi şəbəkəsinin gücləndirilməsi İran üçün həm maliyyə baxımından daha az xərcli, həm də siyasi risklərin minimum olduğu üsuldur:

“Bütün bunlar qarşıdurmanın yeni mərhələyə qədəm qoyduğunu göstərsə də, hələlik tammiqyaslı müharibə ehtimalından danışmaq tezdir. İran hazırda regional balansı öz lehinə saxlamaq məqsədilə eskalasiya ilə çəkindirmə arasında incə xətt üzrə hərəkət edir. İsrail isə prosesləri vaxtında neytrallaşdırmaq üçün preventiv zərbələr taktikasından imtina etmir. Regional müharibə riski obyektiv şəkildə artır, amma tərəflər hələ də nəzarətdən çıxmış toqquşmadan yayınmağa çalışırlar. ABŞ faktorunu da nəzərə alsaq, Vaşinqtonun genişmiqyaslı müharibədə maraqlı olmaması Tehranın manevr imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, İran daxili ictimaiyyətə güc nümayiş etdirmək məcburiyyətindədir və bu da onu daha sərt addımlara sövq edir. Proksi qrupların gücləndirilməsi həm də Tehranın Yaxın Şərqdə təsir dairəsini “itirilmədiyi” ilə bağlı mesajıdır. Lakin bu strategiya yüksək risk daşıyır və istənilən səhv addım genişmiqyaslı münaqişəni alovlandıra bilər. Hazırkı vəziyyətdə daha çox nəzarət olunan, lakin getdikcə kəskinləşən qarşıdurma mərhələsi müşahidə olunur”.

//Gülnarə Abasova, Editor.az