Tehranın nüvə inadkarlığı: Qərb sanksiyalarına baxmayaraq dəyişməyən strateji mövqebackend

Tehranın nüvə inadkarlığı: Qərb sanksiyalarına baxmayaraq dəyişməyən strateji mövqe

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran ilə ABŞ başda olmaqla, Qərb ölkələri arasında nüvə proqramı ətrafında yaranan gərginlik artıq onilliklərdir davam edir və bu məsələnin yaxın gələcəkdə həll olunacağına dair ciddi ümid yoxdur. Xüsusilə son İran–İsrail qarşıdurmasından sonra Tehran öz strateji mövqeyində daha da israrlı görünür. Bu qarşıdurma fonunda İran yalnız İsrailə qarşı deyil, eyni zamanda onun əsas müttəfiqi olan ABŞ-a qarşı da siyasi cəhətdən üstünlük əldə etdiyini düşünür”.

Bu fikirləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı deyib.

O bildirib ki, İran bu münaqişədən nisbətən daha güclü çıxmağı bacardı: “Ölkənin hərbi və diplomatik reaksiyası yalnız regionda deyil, beynəlxalq miqyasda da ciddi rezonans doğurdu. Tehran rəhbərliyi açıq şəkildə nümayiş etdirir ki, nüvə proqramından geri çəkilmək niyyətində deyil. Əksinə, İran artıq bu iddianı öz regional və qlobal çəkisinin əsas dayaq nöqtəsinə çevirib.

Qərb ölkələri uzun illərdir İrana qarşı iqtisadi sanksiyalar tətbiq etsə də, bu tədbirlərin gözlənilən nəticəni vermədiyi görünür. İran bu sanksiyalar altında yaşamağa adaptasiya olunub və daxili iqtisadi-siyasi modelini bu vəziyyətə uyğunlaşdırmağa müvəffəq olub. Bu reallıq da göstərir ki, Tehran nüvə proqramını dayandırmaq üçün ciddi daxili və xarici təzyiq hiss etmir.

Digər tərəfdən, İran rəhbərliyi yaxşı bilir ki, onun beynəlxalq sistemdə çəkisi əsasən nüvə məsələsi ilə bağlıdır. Tehran Yaxın Şərq regionunda əsas oyunçulardan birinə çevrilib və bu mövqeyi ilə digər gücləri — istər Qərbi, istərsə də qonşu region dövlətlərini — öz şərtlərini qəbul etdirməyə məcbur edir. Bu səbəbdən də İranın nüvə proqramından imtina etməsi real görünmür”.

C.Abbaslı qeyd edib ki, bəzi ehtimallara görə, İran artıq nüvə silahına sahib olmağa çox yaxınlaşıb, hətta müəyyən dairələrdə bu prosesin başa çatdığı iddia olunur:

“Rəsmi təsdiqlər olmasa da, Tehran bu qeyri-müəyyənliyin yaratdığı psixoloji üstünlükdən ustalıqla istifadə edir. Son İran–İsrail gərginliyi də bu nüvə kartının siyasi güc elementi kimi necə işə yaraya biləcəyini bir daha göstərdi.

Nəticə etibarilə, İranın nüvə proqramı ətrafında yaranan gərginlik sadəcə regional deyil, qlobal miqyaslı bir problemdir. Tehran bu məsələdə geri addım atmağa hazır görünmür və Qərbin diplomatik manevrləri, sanksiya siyasəti hələlik real nəticə verməyib. Bu qarşıdurma yaxın dövrdə də davam edəcək və Yaxın Şərqdə sabitlik axtaran beynəlxalq güclər üçün ciddi çağırış olaraq qalacaq”.

//Gülnarə Abasova, Editor.az