Təhsil eksperti pandemiyanın yaratdığı çətinliklərdən danışdı: “Yeni formatda dərslik siyasətinə keçməliyik”backend

Təhsil eksperti pandemiyanın yaratdığı çətinliklərdən danışdı: “Yeni formatda dərslik siyasətinə keçməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fevral ayının 1-dən tədris prosesi qismən və mərhələli şəkildə bərpa ediləndə təhsil müəssisələrinin yenidən öz fəaliyyətini yenidən dayandırmaq ehtimalı gözlənilən idi. Çünki bəlli olduğu kimi, təhsil ocaqları insanların kütləvi şəkildə toplaşdığı yerlərdən biridir’’.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, ölkədə koronavirusa yoluxma statistikası artdıqca tədris prosesində formatın qismən dəyişəcəyi gözlənilən idi: “Ümumilikdə qiymətləndirsək isə etiraf etmək lazımdır ki, əslində qapanmalar uğurlu və optimal çıxış yolu deyil. Çünki hər dəfə yoluxma azalan zaman məktəblərin açılması və ondan sonra yenidən qapanması təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərən amillərdən biridir. Statistika göstərir ki, bu qapanmalar vəziyyətin yaxşılığa doğru dəyişməsinə ciddi təsir göstərmir”.

O qeyd edib ki, aprel ayının 5-dən ölkənin beş bölgəsində tədris prosesinin yenidən distant formaya keçirilməsi şübhəsiz ki, şagirdlər üçün müəyyən çətinliklər yaradacaq:

“Ölkədə bütün şagirdlərin distant təhsilə qoşulması üçün müvafiq alətləri yoxdur, internetin keyfiyyəti lazımi səviyyədə deyil. Digər tərəfdən dərslər onlayn qaydada tədris olunarkən arzuolunan keyfiyyət olmur. Əvvəllər sərt karantin rejimi idi, ölkədə digər fəaliyyət sahələri işləmirdi. Valideynlər evdə idilər və şagirdlər onların telefon, kompyuter və digər elektron cihazlarındam istifadə edərək mümkün qədər onlayn dərslərə qoşulurdular.
İndi isə vəziyyət dəyişib. Digər sahələrdə fəaliyyət bərpa olunub, insanlar işə çıxır. Bu durumda uşaqlar elektron alətləri əldə etməkdə çətinlik çəkirlər. Ona görə hesab edirəm ki, bu məsələ xüsusilə nəzərə alınmalı idi. Bu birmənalı şəkildə tədrisin keyfiyyətinə mənfi təsir göstərəcək. Biz artıq yeni bir formatda dərslik siyasətinə keçməliyik. Təhsilalmanın hüquqi statusu dəyişməlidir. Azərbaycanda hələ də distant təhsil haqqında qanunun qəbul edilməməsi, məsafədən təhsilin hüquqi bazasının olmaması çox çətinliklər yaradır’’.

Kamran Əsədov bildirib ki, ölkədə təhsil işçilərinin bir qismi vaksinasiya olunub: “Eyni zamanda artıq yeni qərarla yaşından aslı olmayaraq təhsil sahəsində çalışan bütün şəxslər peyvəndlənəcək. Bunların hər biri qısa müddətdən sonra bizim normal tədrisə qayıtmağımıza imkan verəcək. Düşünürəm ki, bu dəfəki qapanma uzunmüddətli olmayacaq. Ümumiyyətlə, biz məsafədən təhsili gələcəyin təhsilalma forması kimi görsək də, indiki alətlərlə, üsullarla, standartlarla yox, yeni mexanizimlərlə bu baş tutmalıdır. Artıq postpandemiya dövründə təmamilə yeni bir təhsilalma forması görəcəyik’’.

Təhsil eksperti qeyd edib ki, Azərbaycan da daxil olmaqla, bütün dünyanın təhsil sistemində artıq yeni mərhələ, qiymətləndirmə və tədris üsulları yaranacaq. O diqqətə çatdırıb ki, biz də ölkə olaraq bununla ayaqlaşmalıyıq. Bilməliyik ki, pandemiyadan sonra hər şey əvvəlki kimi olmaya bilər. Bu dəqiqdir ki, postpandemiya dövründə tədris prosesində müəyyən format dəyişiklikləri olacaq”.

//Gülnarə Abasova, Editor.az