İSTİQAMƏT: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Ölkədə cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Müasir dünyanın tələblərinə uyğun ixtisasların açılması, kadrların yetişdirilməsi ölkənin iqtisadi, siyasi, mədəni-maarif və s. sahələrdə daha da inkişaf etməsinə böyük töhfə verir. Bu gün Azərbaycanda diqqət mərkəzində olan əsas mövzulardan biri də məhz təhsildir.
Azərbaycanın 30 il müddətində işğal altında olan ərazilərini azad etməsinin ardından həmin torpaqlarda görülən quruculuq işləri ilə yanaşı ali təhsil müəssisələrinin də tikilməsi müzakirə mövzularındadır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 16 noyabrda imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqləndi. Tədbirlər planına əsasən Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.
Yeri gəlmişkən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunub ki, növbəti il üzrə təhsil xərclərinə 4549,9 milyon manat vəsait proqnozlaşdırılır. Bu isə 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2 faiz çoxdur.
Maraqlıdır ki, bu gün təhsilin hansı sahəsinə maliyyə ayrılmalıdır? Nəzərdə tutulan vəsait necə istifadə olunmalıdır ki, təhsildə effektiv nəticə əldə etmək mümkün olsun?
Məsələ ilə bağlı Editor.az-a açıqlama verən sabiq deputat, təhsil eksperti Sona Əliyeva qeyd etdi ki, təhsil keyfiyyətinin artırılması üçün ilk növbədə müəllim maaşları yüksəldilməlidir:

“Yüksək maaş yüksək maraqdır. Ən yaxşılar həmişə bu prosesə cəlb olunur. Bu gün yaxşı müəllim ən yaxşı maaşı məktəblərdən əldən etsə, dərsdən sonrakı vaxtını repetitorluğa həsr etməz. İkinci məsələ isə texnologiya və infrastrukturun yenilənməsi, innovativ olmasıdır. Bəzi sahələr tədqiqat xarakterlidir. Universitet və məktəblərdə belə ixtisaslara araşdırma və tədqiqata geniş yer verilməlidir. Tələbələr, şagirdlər də həmin texnoloji vasitələrdən istifadə edə bilməlidir. İndi gənc nəsil daha çox yaradıcıdır, innovativ fikirlərə sahibdir. Ona görə də belə bir şəraitin yaradılması həm də ölkə iqtisadiyyatına öz töhfəsini verə bilər. Üçüncüsü, sistem kimi sahələrin təhsildə inkişaf etdirilməsi, bu sahəyə pul xərclənməsi vacibdir. Burada yalnız maddi, texniki baza rol oynamır. Həm də yüksək səviyyədə mütəxəssislərin yetişdirilməsi, robototexnika, kodlama ilə bağlı gənclərin üz tutduğu kursların təhsil sisteminə gətirilməsi olduqca vacibdir. Bu ölkə sənayesinin modernləşməsinə, innovasiyaların təşviqinə xidmət edər. Təbii ki, təhsil materialları, proqramları davamlı olaraq yenilənməlidir. Müasir dövrün tələblərinə cavab verməyən sahələr yenilənməlidir. Universitet və məktəblərdə istifadə üçün texniki və kontent baxımından yüksək keyfiyyətli olan kitab çapı nəzərdə tutulmalıdır. Təhsilin bütün pillələri üçün bu keçərlidir “.
S.Əliyeva Azərbaycan təhsil sistemində gender bərabərliyinə də maliyyə ayrılmasını əhəmiyyətli hesab edir:
“Çünki dolayı yolla da olsa, gender məsələsi təhsilin keyfiyyətinə təsir edir. Azərbaycanın təhsil sistemində ciddi şəkildə qadınlaşma prosesi gedir. Bu təhsilin keyfiyyətinə hər mənada təsir edir. Diqqət yetirilməsi vacib olan həssas məqamdır. Kişilərə münasibətdə müsbət diskriminasiyaya imkan verən müəyyən qanunların tətbiq olunması vacibdir.
Son olaraq isə əsas məqamlardan biri təhsilin regional inkişafıdır. Bu yerlərdə olan insanlara bərabər təhsil imkanı verir, həm də regionların iqtisadi inkişafına təkan verir. Bəzi ali təhsil müəssisələrini şəhərdən kənarlaşdırmaq lazımdır. Məsələn texnoloji park Sumqayıtda olduğu halda niyə Texniki Universitet Sumqayıtda olmasın? Regionun inkişafı üçün universitetlər paytaxtdan çıxmalıdır. Turistik bölgədə Turizm Universiteti olmalıdır ki, yerindəcə praktikanı tətbiq etmək mümkün olsun. Bu kimi məsələlər təhsillə yanaşı, cəmiyyətin, regionun da inkişafına töhfə verir. Son olaraq qeyd edim ki, bu gün təhsil sahəsində müəllimlər üçün hazırlanan təlimlər əksinə bu istiqamətin daha da mürəkkəbləşməsinə səbəb olur. Onun əvəzinə daha sadə formada bu prosesi həyata keçirərək, ayrılan maliyyəni düzgün yönləndirmək lazımdır “.
Təhsil eksperti Kamran Əsədov isə məsələyə belə yanaşıb:

“Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1.06 milyon şagird, 51 Ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Ən ciddi məsələlərdən biri ali təhsilin keyfiyyətinin və elmə ayrılan vəsaitlərin həcminin artırılmasıdır. Çünki Azərbaycanda bu gün elmi tədqiqatların həcmi ürəkaçan deyil. Elmdəki zəiflikdən bilavasitə narazıyıq. Bu gün Azərbaycanda elmtutumlu tədqiqatlar yoxdur. Azərbaycan elmi dünya reytinqində o qədər də uğurlu yerdə deyil. İlk növbədə elmə ayrılan vəsaitlər artırılmalıdır. İkincisi isə təhsil alanların təqaüdləri mütləq şəkildə artırılmalıdır”.
Onun fikrincə, təqaüdün artırılması təhsil alanların sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq:
“Bu gün Azərbaycan müəlliminin aldığı əməkhaqqı onun sosial vəziyyətini tam şəkildə əhatə etmir. Bu istiqamətdə narazı olan müəllim kontingentindən xəbərdarıq. Müəllimin keyfiyyəti onun alacağı əməkhaqqından bilavasitə asılıdır. Keyfiyyətli təhsil istəyiriksə, təhsil verənlərimizə normal əməkhaqqı verməliyik ki, onlar işlərində daha həvəsli, maraqlı olsunlar. Eyni zamanda, müəllimlərimizin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı güzəştli kredit və digər imkanlar yaradılmalıdır.
Tədqiqatlarda belə bir ifadə var ki, heç bir ölkədə təhsil sisteminin səviyyəsi müəllimin səviyyəsindən yüksək deyil. Yəni müəllimin sosial, maddi vəziyyəti zəifdirsə onun təhsil sistemi də zəif olacaq.30 ildən sonra işğaldan azad etdiyimiz ərazilərimizin bərpası və burada ali təhsil müəssisələrinin tikilməsinə ciddi ehtiyac var. Həmçinin həmin ərazilərdə elmi tədqiqatların həyata keçirilməsinə büdcədən xüsusi vəsaitlər ayrılmalıdır “.
Safura Bənnayeva, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


