“Gürcüstandakı proseslərin nəticəsi Qərbin Cənubi Qafqazda yürütdüyü siyasətin kuliminasiya nöqtəsi olacaq. Hakim Gürcü Arzusu Partiyası vəziyyətə nəzarəti sona kimi əlində saxlaya bilsə, hansı ki, bunun belə olma ehtimalı böyükdür, Qərb də bununla barışacaq”.
Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, tək mitinq və etirazlarla müxalifət nəticə əldə edə bilməyəcək:
“Bunun üçün ən azı ölkə daxilində hərbi strukturlardan birinin etirazçıların tərəfinə keçmişi lazımdır ki, bu da mümkün görünmür. Donald Trampın yenidən hakimiyyətə gəlməsi dünyada bir çox regionlarda olduğu kimi Cənubi Qafqazın da geosiyasətində öz izini buraxacaq. Tramp üçün nə Cənubi Qafqaz, Yaxın Şərq, nə də Şərqi Avropa maraqlıdır. O, bütün güclərini İran və Çinə yönəldəcəyi mesajlarını verir. Bu durumda onun hakimiyyətinin başlaması ilə Gürcüstanda da proseslər böyük ölçüdə səngiyə bilər. Hesab edirəm ki, Gürcüstanda nəticə etibarilə Qərb geri çəkiləcək. Rusiyanın hərəkətlərinə göz yuman Tramp üçün Gürcüstan onuncu dərəcəli də olsun problem deyil”.
//Gülnarə Abasova, Editor.az