“Ötən həftələrdə Ukrayna və Rusiya arasında danışıqlardan uzaqlaşma olmuşdu”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib. “Amma son günlərdə istər Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamaları, istərsə də bizim etdiyimiz təmaslardan yenidən danışıqlara qayıtmaq üçün zəminin ola biləcəyini görürük. Hər iki tərəf buna razı olarsa, biz də vasitəçi olaraq öhdəmizə düşəni edərik”, – XİN başçısı qeyd edib.
Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov Editor.az-a bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla Rusiya ilə Ukrayna arasında danışıqların aparılması ilə bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bu formada nikbinliyə yaxın bəyanat verməsi diqqətəlayiqdir:

“Belə məlum olur ki, Lavrovla müəyyən razılaşmalar artıq əldə olunub. Amma danışıqların başlanması üçün təkcə Rusiya tərəfinin deyil, Ukrayna rəhbərliyinin də meyli hiss olunmalıdır. Müharibə aparan tərəflərin hər ikisini danışıqlar masasına qədər gətirib çıxartmaq olduqca çətin məsələdir. Hər şeydən əvvəl qarşı-qarşıya duran tərəflər özləri döyüşlərin dayandırılmasına əmin olmalıdırlar. Bunun üçün də cəbhədə vəziyyətin yetişməsi lazımdır. Tərəflər nə zaman müharibə aparmağın onlar üçün artıq mümkün olmadığını düşünsələr, o zaman da daha asanlıqla danışıqlara gedəcəklər. İndiki şəraitdə bu, müşahidə olunmur. Rusiya qarşıya qoyduğu hədəflərə hələ çatmayıb və müharibəni davam etdirməyə imkanları var. Ukrayna isə işğalda olan torpaqlarını azad etmək əzmindədir və döyüşləri davam etdirmək üçün mütəmadi yardım alır. İndiki halda nəinki tərəflərin hər ikisi, hətta onlardan biri belə danışıqlara hazır deyil. Bu zaman tələbləri uyğunlaşdırmaq çox çətindir. Mövlud Çavuşoğlunun optimizmi isə tərəflərin artıq danışıqlar prosesinə getdikcə yaxınlaşmasını görməyi ilə bağlıdır. Türkiyə diplomatiyasının başçısı haqlı olaraq düşünür ki, bütün müharibələlərin sonu danışıqlarla bitdiyi kimi Rusiya-Ukrayna münaqişəsinin yekunu danışıqlar masasında olacaq”.
Politoloq Türkiyənin vasitəçilik təşəbbüslərini yüksək qiymətləndirib:
“Türkiyənin bu istiqamətdə müsbət cəhdləri aparıcı dövlətlər tərəfindən çox qısqanclıqla qarşılansa da hətta bəzən maneələr yaradılmasına baxmayaraq rəsmi Ankara bu missiyadan əl çəkmir. Əldə olunan nailiyyətlər göz qabağındadır və müharibə aparan tərəflər Türkiyənin bu istiqamətdə atdıqları addımları da layiqincə qiymətləndirirlər. Düşünürəm ki, danışıqlar əgər baş tutacaqsa, bu Türkiyənin vasitəçiliyi ilə baş tutacaq”.
//Gülnarə Abasova, Editor.az

