Azərbaycan və İran arasındakı münasibətlər tarixən dəyişkən xarakter daşısa da, son dövrlərdə baş verən siyasi dəyişikliklər fonunda yeni bir pozitiv dinamika müşahidə olunmaqdadır.İranda keçirilən son prezident seçkilərində Məsud Pezişkianın qalib gəlməsi, iki ölkə arasında kommunikasiya tonunun yumşalmasına və münasibətlərin yenidən nəzərdən keçirilməsinə səbəb olmuşdur. Hazırkı mərhələdə tərəflər arasında artan diplomatik təmaslar və iqtisadi əməkdaşlığa dair konkret addımlar, İran-Azərbaycan münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a bildirib ki, Azərbaycan–İran münasibətlərinin hazırkı dövrünü müsbət qiymətləndirmək olar:
“Məsud Pezişkianın İran prezidenti seçilməsindən sonra Azərbaycana qarşı sərt ritorikanın dəyişdiyini müşahidə edirik. Xüsusilə, Zəncan vilayətində keçirdiyi görüş zamanı Pezişkianın İranın Azərbaycanla münasibətləri lazımi səviyyədə qura bilməməsinə görə öz ölkəsini məsul tutması, həmçinin oğlunun paylaşımında Azərbaycanla münasibətlərə dair üç mümkün ssenaridən əməkdaşlıq yolunun seçilməsinin daha əhəmiyyətli olduğu vurğulanması, Tehranın Bakıya münasibətdə vektor dəyişikliyi etmək istədiyini göstərir.
Eyni zamanda, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi ilə keçirdiyi görüşdə iki ölkə arasında kommunikasiya imkanlarının inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılmışdır. Bu görüş ölkələrimiz arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bir daha təsdiqləyir”.
Millət vəkilinin sözlərinə görə, hazırda Azərbaycanla İran arasında birgə iqtisadi və infrastruktur layihələr həyata keçirilir:
“AXüsusilə Araz çayı üzərində tikilən kommunikasiya xətləri və nəqliyyat dəhlizləri hər iki tərəfə fayda gətirəcəkdir. İran, Azərbaycanla əlaqələri dərinləşdirməklə Fars körfəzindən Avropaya və Rusiyaya qədər uzanan yeni nəqliyyat marşrutlarının açılmasına mühüm töhfə verə bilər.
Qeyd edilməlidir ki, Azərbaycanın beynəlxalq siyasəti heç vaxt qonşu dövlətlərə qarşı yönəlməyib. Azərbaycan bütün qonşuları ilə sülh, təhlükəsizlik və qarşılıqlı əməkdaşlıq əsasında münasibətlər qurmağa çalışır. İranla da münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır. İki ölkə arasında müxtəlif səviyyələrdə keçirilən görüşlər əməkdaşlıq imkanlarını genişləndirir və xalqları bir-birinə daha da yaxınlaşdırır”.
//Gülnarə Abasova, Editor.az

