Təxribatların arxasında hansı qüvvələr dayanır?-  Verilən AÇIQLAMALAR və proseslərin GEDİŞATI arasında UYĞUNLUQbackend

Təxribatların arxasında hansı qüvvələr dayanır?-  Verilən AÇIQLAMALAR və proseslərin GEDİŞATI arasında UYĞUNLUQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş verən hadisələr Ermənistanla Azərbaycan əlaqələrinin normallaşması prosesini ləngidəcək və bu da nəqliyyat-kommunikasiya xətlərinin açılmasının qarşısını alacaq. Ən əsası cəmiyyətlər arasında yenidən nifrət körüklənəcək”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Politoloq bildirib ki, Azərbaycan Qarabağ erməniləri ilə reinteqrasiya prosesini yenidən başlatmışdı. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası iki dəfə bununla bağlı ermənilərə çağırış edib:

“Bir dəfə hətta Xankəndi istiqamətində görüş olub. İndi isə qarşı tərəfin təxribatları nəticəsində şəhidlərimizin olduğu, əsir düşən əsgərlərimizə işgəncələrin verildiyi, digər tərəfdən Ermənistan tərəfindən də itkilərin olduğu halda cəmiyyətlər arasında reinteqrasiya prosesi uğursuz olacaq. Heç bir azərbaycanlı səmimi şəkildə sülhə, əməkdaşlığa, birgə yaşayışa razı olmayacaq. Bu hadisələr sülh prosesinin gedişatına böyük zərbə vurdu. Baxmayaraq ki, bir çox ölkələr bunu açıq şəkildə dilə gətirmədilər, ancaq məlum məsələdir ki, təxribat Azərbaycan ərazisində baş verdi”.

T. Rzayev onu da qeyd edib ki,  postmüharibə dövründə Ermənistan sürətlə silahlandırılıb:”Belə ki, onlar milyard dollarlar həcmində fərqi silahlar alıb. Bunun fonunda İran- Ermənistan əməkdaşlığının genişləndiyinin şahidi oluruq. İran Ermənistana 600 raket, 100 ədəd fərqli ballistik raketlər, dronlar göndərib. İran rəsmiləri qeyri-rəsmi şəkildə də olsa Ermənistanla hərbi müqavilə bağlamaq istədiklərini dilə gətirirlər”.

Siyasi analitik son təxribatların Nikol  Paşinyan hakimiyyəti üçün də sürpriz olduğunu bildirib:

“Çünki Paşinyan bu hadisələri eşidərkən hökumət iclasını yarımçıq saxladı və Azərbaycanla sülh prosesləri barədə danışıqlar üçün Vaşinqtona gedən Ermənistan XİN rəhbərini təcili ölkəyə çağırdı. Maraqlısı isə odur ki, bir gün əvvəl Vaşinqtonda baş tutması nəzərdə tutulan görüş Moskvada keçirildi. Ehtimal olunur ki, Ermənistan hakimiyyəti içərisində keçmiş Qarabağ klanının, cinayətkar dəstənin üzvləri və Rusiyaya daha yaxın olan şəxslər birbaşa bu təxribatları törətməklə həm də  Paşinyana təzyiq göstərməyə çalışdılar. Çünki bəlli oldu ki, Paşinyan Moskvada sülh görüşündən açıq şəkildi imtina etmişdi, görüşlərin Vaşinqtonda keçirilməsini istəyirdi. Ancaq məcbur olub orada olan XİN rəhbərini geri çağırdı və Rusiyada görüşlərə qatılmalı oldu. Bəzi rəsmilərin buna qədər olan açıqlamaları da hadisələrin gedişatı ilə üst-üstə düşür. Belə ki, Paşinyan bir neçə gün əvvəl açıqlama vermişdi ki, KTMT istəsə də istəməsə də Ermənistandan gedəcək. Hətta bundan sonra erməni baş nazir təklif etdi ki,  Azərbaycanla Ermənistan sərhədində Ermənistan tərəfdən erməni, Azərbaycan tərəfində isə azərbaycanlı hərbiçilər dayansın. Çox qəribə şəkildə bu təxribatlar baş verən gün Mariya Zaxarova da açıqlama verərək bildirdi ki, Ermənistan tərəfi NATO ilə birgə keçirdiyi hərbi təlimlərin Rusiyaya izahatını verməlidir. Qeyd olundu ki, KTMT təlimlərinin Ermənistanda keçirilməməsi onu daha təhlükəsiz etmir. Beləliklə İrəvana açıq şəkildə mesaj verildi ki,  Rusiyadan uzaqlaşaraq təhlükəsizliyini təmin edə bilməz. Çox qəribədir ki, bu açıqlama da sərhəd münaqişəsi baş verən gün verildi. Sanki bu təxribat Paşinyanın sadaladığımız açıqlamalarına cavab idi. Belə ki, sözügedən sabotajın arxasında Ermənistanda Rusiyaya bağlı qüvvələrin olması ehtimalı qaçılmazdır. Çünki bundan sonra Ermənistan XİN məcbur olub KTMT ilə təlimlərin keçirilə biləcəyini bildirdi. Beləliklə hadisələrin mərkəzi Vaşinqtondan Moskvaya keçirildi. İstənilən halda Ermənistan hakimiyyəti törədilən təxribatlara, əsgərimizə qarşı edilən vəhşiliklərə görə məsuliyyət daşıyır”.

//Gülnarə Abasova, Editor.az