“Ermənistan rəhbərliyi bir neçə cəbhədə oynamağa üstünlük verir. Regionda qlobal güclərin müxtəlif geosiyasi maraqları var. Bu maraqları uzlaşdırmaqla deyil, ayrı-ayrılıqda istifadə edərək Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı sülh prosesini ləngitməyə çalışır və zaman qazanmağa üstünlük verir. Əgər ABŞ və Avropa Birliyi Azərbaycan-Ermənistan münasibətləri sülh prosesinə eyni zamanda Qarabağın Azərbaycana reinteqrasiyası məsələsinə bir baxış ortaya qoyursa, Rusiya fərqli münasibət ortaya qoyur”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, Rusiya Qarabağ məsələsinin birdəfəlik həllinə maraqlı olmadığını və bunu gələcəyə saxlamağa üstünlük verdiyini göstərir:
“Bu da Rusiya sülhməramlılarının Qarabağda uzun müddət qalmasına xidmət edir. Ermənistan bir tərəfdən Qərbin maraqlarını təmin etməyə hazır kimi görünsə də, digər tərəfdən Fransa kimi ermənipərəst dövləti Qərbin qarşısına sədd çəkir, antiAzərbaycan qətnamələri və fəaliyyəti ilə sülh prosesini pozmağa çalışır. Çünki Ermənistan Qarabağ məsələsinə birbaşa müdaxilə edə bilmədiyi və Azərbayanın da sözügedən mövzunu İrəvanla müzakirə etmədiyi üçün məsələni Rusiyanın məsuliyyətinə buraxmaqla həm Qarabağ məsələsindən müəyyən mənada azad olur, həm də prosesin tənzimlənməsini uzadır. Rusiya Qarabağ məsələsinin çözülməsində maraqlı deyil. Əgər məsələ həll olunarsa, Rusiyanın Azərbaycan ərazisində qalmasına rəvac olmayacaq”.
Natiq Mirinin fikrincə, Ermənistan zamana oynayır, düşünür ki, geosiyasi vəziyyət həm qlobal, həm də regional səviyyədə dəyişə bilər:
“Rəsmi İrəvan Rusiya-Ukrayna müharibəsinin sonlanmasına qədər prosesi uzatmaqda maraqlıdır. Həm Ukraynanın, həm də Rusiyanın bu müharibədə qalib gəldiyi təqdirdə fərqli situasiyalar yaranacaq ki, bu vəziyyətdən də Ermənistan özü üçün istifadə etmək istəyir. Bununla da daha güclü mövqe ilə Azərbaycanla masa arxasına oturmağı planlaşdırır. Ermənistan vahid mövqe ortaya qoymur. Müxtəlif qüvvələrlə var-gəl etməklə sülh prosesini sabotaj etməyə çalışır. Bununla yanaşı Ermənistanın Azərbaycanı qonşu ölkələrlə qarşı-qarşıya qoymaq siyasətini yeritdiyini də xatırlatmaq lazımdır. Qarabağda intensiv olaraq atəşkəsin pozulması Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymaqdan ibarətdir. Eyni zamanda, İranı da Azərbaycanla toqquşdurmağa çalışır. Bu halda zəifləyən Azərbaycanla masaya oturmaq Ermənistan üçün daha rahat ola bilər. Sözügedən məsələlər olduqca incə prosesdir və Azərbaycan atdığı addımlarda daha həssas olmalı, adekvat cavab verməlidir”.
Qarabağdakı separatçı rejimin, quldur dəstələrinin silahlandırılmasına münasibət bildirən politoloq qeyd edir ki, bu həm Ermənistanın, həm də Rusiyanın maraqlarına xidmət edir: “Terrorçu qrupları silahlandıraraq onların Azərbaycana hücumlarını intensivləşdirməklə ölkəmizin adekvat addımlar atmasını istəyir ki, Rusiya prosesə müdaxilə etsin və tərəflər üz-üzə gəlsin. Digər tərəfdən Rusiyanın da məsələdə maraqları var. Bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir. Atəşkəsin pozulması fonunda elə bir görüntü yaranır ki, sanki, sülhməramlılar olmasa Qarabağ bölgəsində yeni bir müharibə başlaması ehtimalı var. Rusiya sülh şəraitinə töhfə verdiyini göstərmək istəyir. Həm Azərbaycana, həm də beynəlxalq birliyə sülhməramlıların mandatının uzadılmasını diktə etməyə çalışır. Ermənistandan Xankəndinə çəkilən yeni yol Azərbaycan ordusunun nəzarətinə keçməlidir. Dəhlizin olması o demək deyil ki, Azərbaycanın heç bir sərhəddi yoxdur. Sərhəd varsa, ölkəmizin dövlət strukturu nəzarət mexanizmini həyata keçirməlidir. Əgər Rusiya istəyərsə, Azərbaycan ordusu ilə paralel olaraq nəzarəti həyata keçirə bilər. Yoxlama prosesi də ordumuzun nəzarətindən keçməlidir ki, ən azından daşınan qanunsuz silahların qarşısı alınsın. Bu gün müxtəlif ölkələrin kəşfiyyat orqanlarının nümayəndələri, hətta terrorçular belə çox rahatlıqla Rusiya sülhməramlılarının vasitəsilə Qarabağa keçirilir. Bunlar gələcəkdə ölkəmiz üçün ciddi problemlər yaradacaq amillərdir. Əsas məsələ 10 noyabr bəyanatının icrasıdırsa, buna onsuz da əməl olunmur. Belə olan halda Azərbaycan da borclu deyil ki, tam dəqiqliyi ilə sənədin şərtlərinə əməl etsin. Həmin bəyanatın 4-cü müddəasına görə Qarabağda olan qanunsuz erməni silahlı birləşmələri çoxdan ərazilərdən çıxarılmalı idi. Əgər bu şərtə əməl olunsaydı, atəşkəsin pozulması halları baş tutmayacaqdı. Bütün hadisələrdə günahkar axtarırıqsa, bu Rusiyanın “sülhməramlı” qoşunlarıdır. Qarabağda gedən prosesləri Azərbaycan tədricən tənzimləməlidir. Bütün dünyaya bəyan etməlidir ki, ya qanunsuz silahlı birləşmələr tərksilah olunaraq bölgədən çıxarılmalıdır ya da Azərbaycan bu hüququ özündə saxlayır. Beynəlxalq hüquqa əsasən addım atan Azərbaycana heç kim səsini çıxarda bilməyəcək, belə hal olarsa, ölkəmiz öz haqlı mövqeyindən geri çəkilməyəcək”.
//Safura Bənnayeva, Editor.az

