Təzminat məsələsi Azərbaycan-Ermənistan sülh prosesinin ən vacib komponentlərindən biri olmalıdırbackend

Təzminat məsələsi Azərbaycan-Ermənistan sülh prosesinin ən vacib komponentlərindən biri olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təzminat”, latın sözü olub, müharibə nəticəsində təcavüzkar dövlətin qalib ölkəyə verdiyi maddi itkilərin müqabilində hər hansı bir formada (pul, qızıl, qiymətli daş-qaş və digər maddi vəsaitlər qormasında) ödəməli olduğu hansısa məbləğ başa düşülür. Tarixdə ilk təzminatlar 1919-cu ildə Versal müqaviləsinin şərtləri ilə Birinci Dünya Müharibəsi zamanı Almaniya və onun müttəfiqləri tərəfindən vurulan zərərin ödənilməsi forması kimi meydana gəlmişdir. O zaman bu məbləğ 269 milyard qızıl marka məbləğində – təxminən 100 min ton qızıl ekvivalentində müəyyən edilmişdi. Lakin müharibəni uduzan Almaniya o zaman dərin iqtisadi böhran içində olduğundan, müttəfiqlərin təzminat komissiyası bu məbləği 132 milyarda endirmişdi. Almaniya həmin məbləği yalnız 2010-cu ildə ödəyib qutara bilmişdir.

İkinci Dünya Müharibəsindəki məğlubiyyətdən sonra isə təkcə Almaniyaya deyil, Yaponiya da daxil olmaqla onun müttəfiqləri də təzminat ödəməli oldular. SSRİ, ABŞ, Böyük Britaniya və Fransadan başqa, onlarla dünya dövləti, o cümlədən Albaniya, Efiopiya, Yunanıstan, Yuqoslaviya, Çexoslovakiya, Birma, Çin, İsrail və s. ölkələr də təzminat alan ölkələr kimi çıxış etdilər.

“Körfəz Müharibəsi” kimi tarixə düşün İraq-Küveyt müharibəsindən (1990-1991) sonra BMT Təhlükəsizlik Şurası İraqın təcavüzündən zərər görmüş Küveyt hökumətinə, onun korporasiyalarına və fərdlərinə fayda gətirmək üçün İraqdan təzminat ödənilməsi ilə bağlı qərar çıxardılar.
Bu cür misalların sayını artırmaq da olar. Lakin aparılan araşdırmalar göstərir ki, təzminatlar tam ödənilsə belə, heç vaxt dəymiş zərəri tam bağlaya bilmir. Məsələn, İkinci Dünya Müharibəsindən sonra almanların ödədiyi təzminatlar müharibədən SSRİ-yə dəymiş zərərin cəmi 4-5%-ni ödəməyə qadir olub. Lakin tarixdən o da məlumdur ki, təzminatların tam ödənilməsi heç vaxt baş verməyib və bu zaman ödənilən məbləğ yalnız “kompensasiya” xarakteri daşıyıb.
Bu mənada Ermənistanın Azərbaycana təcavüzü, 30 ilə yaxın davam edən işğal və işğal müddətində ölkəyə vurulan zərər tam olaraq beynəlxalq hüquqi vəziyyətdir və bu vəziyyətə görə Ermənistan məsuliyyət daşıyır.
Ermənistanın işğalına son qoyulması işğal edilmiş və vaxtilə bir milyon azərbaycanlının yaşadığı suveren Azərbaycan ərazilərində törədilmiş dağıntıların həcmini də üzə çıxartdı. Onlarla şəhər, yüzlərlə kənd, minlərlə hektar torpaq sahələri, tarixi abidələr, bir milyondan artıq insanın mülkiyyəti, daşınar və daşınmaz əmlak, ictimai binalar, iaşə obyektləri, qeyri-qanuni istismar olunan təbii ehtiyatlar, və s. erməni işğalının Azərbayacana vurduğu və miqyası milyard dollarla ölçülən zərərin yalnız bir hissəsidir. Nəzərə alsaq ki, maddi zərəri hər hansı bir rəqəmlə ifadə etmək mümkünsə də, mənəvi zərərin miqyasını ifadə edə biləcək bir rəqəm, düşünürk ki, hələ icad edilməyib.
Odur ki, təzminat məsələsi bu gün aparılan sülh danışıqlarının ən vacib komponentlərindən biri olmalıdır. Əgər Ermənistanın maliyyə durumu buna imkan vermirsə, o zaman beynəlxalq təzminat fondu yaradıla və Ermənistanın “dostları” həmin fond vasitəsilə həmin təzminatının ödənilməsində iştirak edə bilər.

Maraq doğuran suallardan biri də budur ki, Ermənistan “münaqişə qondarma “DQR”-lə Azərbaycan arasında getmişdir, “DQR” də artıq yoxdur” – deyə, təzminatdan imtina edə bilərmi?
Əlbəttə ki, xeyir. Çünki 1994-cü ildən bu günə qədər ən müxtəlif formatlarda davam etmiş Azərbaycan-Ermənistan danışıqlarında tərəf kimi, qondarma “DQR” deyil, Ermənistan çıxış etmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli sazişin altında da Ermənistanın baş nazirinin imzası vardır. Bu isə münaqişə tərəfi olaraq məhz Ermənistanın çıxış etməsinin hüquqi sübutudur.
Bu sıraya Ermənistan vətəndaşlarının Qarabağda hərbi xidmət keçməsini, Azərbaycana qarşı Ermənistan vətəndaşlığı olan əsgərlərin və muzdluların vuruşduğunu, döyüş əməliyyatlarında Ermənistan SQ hərbi texnikasının iştirakını da əlavə etmək olar.

Azərbaycanın Ermənistandan təzminat tələbi BMT başda olmaqla, beynəlxalq təşkilatlar tərəfindən də hüquqi addım kimi dəstəklənməlidir. Necə ki, ötən ilin noyabrın 14-də BMT Baş Assambleyası öz fövqəladə iclasında Rusiyanın Ukraynaya təzminat ödəməsinə görə məsuliyyəti nəzərdə tutan qətnamə qəbul edib.
Axı həmin BMT və digər beynəlxalq təşkilatlar vaxtilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını tanıyıb və bununla əlaqədar çox sayda müvafiq qərar və qətnamələr qəbul ediblər. Təkcə BMT TŞ-nın dörd məlum qətnaməsini xatırlatmaq kifayət edər.

Lakin onlar bunu edərlərmi? Cavabı müəmma olan yeganə sual da məhz bundan ibarətdir.

Fərid Şahbazlı
Siyasi şərhçi