ABŞ mətbuatı oktyabrın 7-də Həmas tərəfindən qaçırılan qadın və uşaqların əksəriyyətini azad edəcək girov müqaviləsinin imzalanması tarixinin yaxın olduğunu yazıb.
Editor.az-ın “The Washington Post”a istinadla verdiyi məlumata görə, İsrail rəsmisi bildirib ki, son detallar dəqiqləşdikdən sonra plan bir neçə gün ərzində açıqlana bilər.
Qəzetin yazdığına görə, müvəqqəti razılaşma İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və gənclərlə, eyni zamanda, israilli qadın və uşaqların azad edilməsini nəzərdə tutur. İsrail ölkədən qaçırılan 100 qadın və uşağın hamısının azad edilməsini istəyir, lakin ilkin rəqəmin daha az olacağı ehtimal edilir.
Reuters-in bazar ertəsi verdiyi xəbərə görə, Həmas 70 qadın və uşağı azad etməyə hazır olduğunu bildirib. Sərbəst buraxıla biləcək fələstinli qadın və gənclərin sayı bəlli deyil, lakin bir ərəb rəsmisi keçən həftə The Washington Post qəzetinə bildirib ki, həbsxanada ən azı 120 nəfər var.
//Gülnarə Abasova, Editor.az

