“Son dövrlərdə TikTok-da şagirdlər arasında “şokolad trendi” kimi adlandırılan və şagirdlərin müəllimlərinə şokolad və şirniyyat təqdim etməsi ilə bağlı trendlərin yaranması, bir tərəfdən, müəllim-şagird münasibətlərindəki emosional bağın bir göstəricisi kimi görünə bilər. Şagirdlər bu yolla öz sevgilərini, minnətdarlıqlarını ifadə edirlər. Digər tərəfdən, bu trendin sosial mediada geniş yayılması təhsil sistemimizdə akademik dəyərlərin yerinə daha yüngül və əyləncəli mövzuların ön plana çıxdığını göstərir”.
Bunu Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, müəllim-şagird münasibətlərində bu cür jestlər zaman-zaman baş verir və normal qəbul edilə bilər:
“Lakin bu hadisələrin trend halına gəlməsi və əsas mövzuya çevrilməsi, təhsilin əsas məqsəd və mahiyyətindən yayınma riskini artırır. Şagirdlərin müəllimlərinə hörmət göstərməsi, onları sevməsi çox təqdirəlayiqdir. Amma bu hörmət və sevgi yalnız jestlərlə ifadə olunmamalı, əksinə, akademik nailiyyətlər və şagirdin öz inkişafı ilə daha mənalı hala gətirilməlidir.
Sosial mediada bu tip trendlərin yaranmasının əsas səbəblərindən biri əyləncə mərkəzli yanaşmadır. Akademik nailiyyətlər və təhsil problemləri ilə bağlı mövzular geniş auditoriyanın diqqətini cəlb etməkdə çətinlik çəkir, çünki bu tip mövzular sosial media üçün daha “ağır” hesab edilir. TikTok kimi platformalar isə daha çox vizual, dinamik və əyləncəli kontentə üstünlük verir. Nəticədə, bu cür yüngül mövzular viral olur, təhsilin əsas məqsədləri isə kölgədə qalır.
Eyni zamanda, cəmiyyətin təhsilə yanaşması da bu vəziyyətə təsir edir. Azərbaycanda, xüsusilə regionlarda təhsilin dəyəri və müəllimin rolu çox vaxt yalnız formal aspektlər üzərindən qiymətləndirilir. Bu yanaşma sosial mediada da öz əksini tapır. Şagirdlərin və müəllimlərin daha çox təhsillə bağlı layihələrlə, akademik uğurlarla gündəmə gəlməməsi təhsil sistemində motivasiya mexanizmlərinin çatışmazlığını da göstərir”.
K. Əsədov bildirib ki, müəllimlər və valideynlər şagirdlərə təhsilin mahiyyətini izah etməkdə daha çox aktiv rol oynamalıdırlar:
“Uşaqlara göstərilməlidir ki, müəllimə hörmət yalnız bir jestdən ibarət deyil, eyni zamanda, dərsə ciddi yanaşma, təhsil prosesinə sadiqlik və nailiyyətlərlə ifadə olunmalıdır. Akademik dəyərlərin şagirdlər arasında populyarlaşması üçün yeni metodikalar tətbiq olunmalı, texnologiya və sosial media vasitəsilə təhsil sahəsində yeniliklər təşviq edilməlidir. Məsələn, məktəblər və təhsil qurumları TikTok kimi platformalarda akademik uğurların, innovativ layihələrin və şagirdlərin fərdi nailiyyətlərinin işıqlandırılmasını təşviq edə bilər.
Təhsil sistemi isə bu cür trendləri daha konstruktiv istiqamətə yönəltmək üçün tədbirlər görməlidir. Məsələn, akademik fəaliyyətlər, elmi layihələr, innovativ dərslər və texnologiya mərkəzli təşəbbüslər sosial media üçün maraqlı formatda təqdim edilə bilər. STEAM layihələri, robototexnika müsabiqələri və digər yaradıcı yanaşmalar şagirdləri həm sosial mediada aktiv, həm də təhsildə uğurlu edə bilər. Beləliklə, sosial medianın təsir gücü təhsilin inkişafına xidmət edə bilər.
Nəticədə, “şokolad trendi” kimi məsələlər yalnız bir simptomdur. Bu simptom cəmiyyətdə və təhsil sistemində təhsilin dəyər və prioritetlərini yenidən nəzərdən keçirməyin vacibliyini göstərir. Akademik uğurlar, elmi nailiyyətlər və yaradıcı təşəbbüslər sosial mediada daha çox yer almalıdır ki, şagirdlər əsl dəyərləri tanısın və onlara istiqamətlənə bilsinlər. Təhsil yalnız sinif otaqları ilə məhdudlaşmır, o, cəmiyyətin və sosial medianın bütün qatlarında öz yerini tapmalıdır”.
//Gülnarə Abasova, Editor.az

